Fevralın 24-də Varşavada “Erməni yalanına işıq sal!” adlı dinc aksiya keçirilib. Polşa Azərbaycanlı Gənclər Şurasının təşəbbüsü ilə təşkil olunan aksiya Varşavanın "Stare Miasto" adlı mərkəzi küçəsində baş tutub.
Aksiya iştirakçıları əllərində BMT və ATƏT kimi beynəlxalq təşkilatların emblemlərini əks etdirən plakatlar tutaraq, bu qurumların 1992-ci ildə Xocalıda baş verən soyqırımına susmasına etirazlarını ifadə ediblər. Azərbaycanlı gənclər Polşa xalqını və hökumətini bu faciəyə susmamağa çağırıb, şəhər sakinlərini Xocalıda baş verən qətliamla bağlı məlumatlandırıblar. Azərbaycanın Polşadakı səfirliyi tərəfindən hazırlanan Xocalı soyqırımı haqqında broşürlər şəhər əhalisinə paylanılıb.
Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd bildirib ki, azərbaycanlı tələbələr fevralın 25-də Vroslav şəhərində Xocalı soyqırımı ilə bağlı böyük yürüş keçirəcəklər.