Azərbaycanın Polşadakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə azərbaycanlı və yerli tələbələr, polşalı jurnalistlər, ictimaiyyət nümayəndələri, QHT üzvləri iştirak ediblər.
Səfir Həsən Həsənov Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, eyni zamanda, Cənubi Qafqazda Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması, ermənilərin yürütdüyü siyasət nəticəsində yüz minlərlə soydaşımızın tarixi torpaqlarından qovulması haqqında danışıb.
Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova çıxış edərək Xocalı soyqırımını törədən şəxslərin nəinki cəza çəkmədiklərini, hətta hazırda Ermənistanın hökumət strukturlarında yüksək vəzifələrdə çalışdıqlarını və Ermənistanın bu faciəni mümkün qədər beynəlxalq ictimaiyyətin nəzərindən yayındırmaq məqsədini güddüyünü qeyd edib.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çıxış edən jurnalist Bartoş Mendık BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələr haqqında danışıb. Bununla yanaşı o, Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş vəhşiliklərin insan haqları ilə bağlı beynəlxalq konvensiyanın prinsiplərini kobud şəkildə pozduğunu bildirib.
Varşava Universitetinin tələbəsi Nihat Yaqublu, Vistula Universitetinin tələbələri Anfisa Volkova (Ukrayna), Diyor Ruzmatov (Özbəkistan) və digər iştirakçıların faciə ilə bağlı sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Xocalı soyqırımına həsr edilən film nümayiş etdirilib.