Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı, Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisin “Salle Cortot” musiqi zalında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Anım tədbirində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək Xocalıda mülki əhaliyə qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, erməni silahlı qüvvələri bir gecədə 613 mülki şəxsi amansızcasına qətlə yetiriblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyaraq tariximizdə yeni şanlı səhifə açıb, Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş igid Azərbaycan oğullarının, eləcə də Xocalı soyqırımı qurbanlarının qanını yerdə qoymayıb.
Xocalı soyqırımı tarixdə nadir faciədir ki, onun müəllifi Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bu soyqırımının törədilməsində birbaşa əli olduğunu açıq şəkildə etiraf edib.
Qeyd edilib ki, İkinci Dünya müharibəsi zamanı nasistlərin Fransanın Oradur-sür-Qlan kəndində törətdikləri kütləvi qırğını XX əsrdə ermənilər Xocalıda mülki sakinlərə qarşı törədiblər.
Tədbirdə, həmçinin Xocalı faciəsinin Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün ən qanlı səhifəsi olduğunu vurğulanıb. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas məqsədi dünya birliyini Xocalı faciəsi haqqında məlumatlandırmaq, erməni silahlı qüvvələrinin cinayətini pisləmək və bu faciənin siyasi və hüquqi qiymətləndirilməsinə nail olmaqdır. Xocalı soyqırımının qurbanlarının xatirəsi üçün bu beynəlxalq kampaniya böyük əhəmiyyət kəsb edir. Bənzər faciələrin təkrar olunmaması üçün belə cinayətlər cəzasız qalmamalıdır.
“Xocalıya ədalət!” kampaniyası nəticəsində 17 ölkənin parlamenti, eləcə də ABŞ-ın 24 ştatı, Xocalı faciəsini “kütləvi qırğın” və “bəşəriyyətə qarşı cinayət” adlandırıb. Avropa Şurası Parlament Assambleyası Xocalı soyqırımını pisləyən bəyanat qəbul edib və digər beynəlxalq təşkilatları bu faciəyə hüquqi qiymət verməyə çağırıb.
Çıxış edənlər erməni silahlı qüvvələrinin həmin qorxunc gecədə mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi amansızlıqlardan danışıblar. Xocalı qırğının qurbanlarının adları sadalanıb, ermənilərin əsirlikdə olan qadınlara, uşaqlara və qocalara qarşı törətdiyi qeyri-insani rəftardan danışılıb. Yüzlərlə ailənin tamamilə məhv edildiyi bildirilib.
Qeyd edilib ki, erməni millətçiləri Azərbaycan reallıqlarını gizlətməyə çalışsalar da, onların mülki əhalini amansızlıqla qətlə yetirməsi faktı Azərbaycan diplomatları və diasporunun üzvlər tərəfindən də beynəlxalq ictimaiyyətə çatdırılır.
Sonra İsfar Sarabski Quartet qrupunun Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş caz proqramı təqdim edilib. İsfar Sarabski (piano), Bəhruz Zeynal (tar), Saşa Maşin (zərb alətləri) və Makar Novikov (kontrobas) “Ay Laçın” və “Sarı gəlin” xalq mahnıların, Qara Qarayevin, Səid Rüstəmov və digərlərinin bəstələrini ifa ediblər.