Özbəkistanın sharh.uz portalında “XX əsrin faciəsi: Xocalı soyqırımından 24 il ötür” sərlövhəli məqalə yayılıb.
Məqalədə bildirilir ki, Xocalı faciəsi Azərbaycanın tarixinə ən qanlı faciələrdən kimi yazılıb. 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri qanlı qırğın, o gecə həlak olanlar, itkin düşənlər və yaralananlar barədə məlumat verilir. Qeyd olunur ki, həmin gün 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Qocalar, qadınlar, uşaqlar öldürüldükdən sonra cəsədləri təhqir edilib, uşaqlar süngüyə sancılıb. Yazıda Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə müqayisə edilir.
Məqalədə bildirilir ki, Xocalı faciəsi dünyanın 12 dövləti və Amerika Birləşmiş Ştatlarının 21 ştatı, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən soyqırımı kimi tanınıb və pislənilib.