İyulun 4-də baş verən dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyevanın və onun 50 yaşlı nənəsi Sahibə Allahverdiyevanın həlak olmasından sonra Azərbaycan ilə Ermənistan arasındakı cəbhə xəttində baş verənlərin bütün məsuliyyəti Serj Sarkisyanın cinayətkar və kriminal rejimi üzərinə düşür.
Bu barədə İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut “News From Israel” analitik portalına məxsusi müsahibəsində (http://isp-ngo.com/?p=23683) deyib.
Onun fikrincə, Ermənistanın indiki cinayətkar rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamaqda sadəcə maraqlıdır. “Ermənistan özünü dünya ictimaiyyəti qarşısında rüsvay edib. Bu təcavüzkar ölkə günahsız adamların – qadınların və uşaqların qanını tökməkdə davam edir. 2011-ci il martın 8-də Azərbaycanın işğal altındakı Ağdam rayonunun Orta Gərvənd kəndində snayper atəşindən 9 yaşlı Fariz Bədəlov həlak olub. Azərbaycanın Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində Aygün Zirəddin (1998-ci il təvəllüdlü) 2016-cı ildə düşmən minasına düşüb. Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Həsənqaya kəndinin artilleriya atəşinə tutulması nəticəsində 16 yaşılı Həsənova Turanə Kamandar qızı həyatını itirib. İndi də ikiyaşlı Zəhra... Prezident Serj Sarkisyanın bütün son bəyanatları və real fəaliyyəti, o cümlədən Zəhra və nənəsinin vəhşicəsinə öldürülməsi bir daha sübut edir ki, Sarkisyan tam məsuliyyətsiz və bəzirətsiz siyasətçi olaraq qalır. O, Qarabağ separatizmi dalğasında Ermənistanın siyasi həyatının ön səhnəsinə təsadüfü düşmüş həmin uşaq qatili, terrorçu olaraq qalır. Ermənistanın indiki prezidenti diplomatiyadan uzaq bütün çıxışlarında öz ölkəsinin təcavüzkar və işğalçı siyasətinə bəraət qazandırmaq istəyir. Əslində isə o, öz “siyasətilə” bir daha təsdiqləyir ki, həmin çilingər Sarkisyan olaraq qalır, diplomatiya və beynəlxalq münasibətlər anlayışlarından tam uzaqdır və bu da onun siyasi mədəniyyətinin aşağı səviyyəsini bir daha təsdiqləyir”, - deyə ekspert bildirib.
A.Qutun sözlərinə görə, cəbhə xəttində yaranmış son gərginlik bir daha təsdiqləyir ki, təcavüzkar ölkə olan Ermənistanı sülh maraqlandırmır: “Antiazərbaycançılıq və antisemitizm, şovinizm və millətçilik, faşist cinayətkarları və onların əlaltılarının göylərə qaldırılması dövlət siyasətinin ayrılmaz hissəsinə çevriləndə, sülhə can atmaq ola bilməz. Prezident Sarkisyana və onun korrupsiyaçı və separatçı köhnə-yeni komandasına Azərbaycan ərazilərinin işğalını davam etdirmək öz hakimiyyətini saxlamaq üçün real imkandır”.
İsrail eksperti qeyd edir ki, 18 aylıq azərbaycanlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi müasir erməni terrorizmi və faşizminin qurbanı olublar. Bu, müasir Ermənistan rəhbərliyində, təəssüf ki, azərbaycanlı uşaq və qadınları qətlə yetirməkdə ilk təcrübə deyil. Ermənistan prezidenti Azərbaycanın Xocalı şəhərində soyqırımı aktını yaxşı xatırlayır. Ən dəhşətli və əxlaqa sığışmayan fakt odur ki, Xocalı vəhşiliyinin ideoloqları, təşkilatçıları və günahkarları – Ermənistanın indiki prezidenti Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq prezidenti Robert Koçaryan və başqaları bu gün Ermənistanda yüksək vəzifələr tutmaqda davam edirlər.
Atanın öz övladının soyumuş cəsədini qolları arasında apardığı bu dəhşətli insan faciəsini görəndə deməyə heç bir söz qalmır... “Mən insan haqları və demokratiyadan danışmağı çox xoşlayan sivilizasiyalı dünyaya müraciət edirəm. Yenicə yaşamağa, bu həyatda ilk addımlarını yenicə atmağa başlayan on səkkiz aylıq azərbaycanlı qızın nə təqsiri vardı?! O, oyuncaqlarla oynamaq, həyatdan zövq almaq, atasını və anasını qucaqlamaq, xoşbəxt olmaq və valideynlərini sevindirmək, bağçaya, sonra isə məktəbə getmək istəyirdi... Zəhra daha bunları edə bilməyəcək. Erməni faşistləri və terrorçuları onun həyatını elə başlanğıcda qırdılar, yenicə doğan günəşin üstünü qara buludların örtdüyü kimi... Onlar Zəhranı öldürdülər. Zəhranın yeganə təqsiri azərbaycanlı olması idi...”, - deyə Arye Qut qeyd edib.
Müəllifin sözlərinə görə, Ermənistanda bütün bu cinayətkar vəhşi hakimiyyətin Xocalı soyqırımında əli var. Xocalıda uşaqlara, qadınlara və qocalara qarşı bu dəhşətli, qeyri-insani qəddarlığın heç cür izahı yoxdur. “Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Ermənistanın bugünkü rəhbərləri – cinayətkarlar soyqırımı aktının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında dayanmalıdırlar. Cinayət cəzasız qalmamalıdır. Nasist cinayətkarlarının, o cümlədən Eyxmanın nümunəsi sübut edir ki, bu, vaxt məsələsidir. Eyxman yəhudi xalqına, insanlığa qarşı cinayətlər törətməkdə ittiham edilib. İsrailin təhlükəsizlik orqanları ən böyük nasist cinayətkarlardan biri olan Adolf Eyxmanı tapdılar və o, İsrail məhkəməsi qarşısında dayandı. Məhkəmə Eyxmanı təqsirkar bildi və onun barəsində İsrail Dövləti tarixində ilk dəfə olaraq ölüm hökmü verdi. Nasist hakimiyyəti aparatında çox yüksək vəzifə tutan şəxs İsrail məhkəməsi qarşısında dayandı. Əgər Eyxman məhkəmədən qaça bilmədisə, onda Sarkisyanın bütün cinayətkar və pulla satın alınmış dəstəsi də beynəlxalq ədalət məhkəməsi qarşısında dayanacaq”, - deyə Arye Qut fikrini yekunlaşdırıb.