İyulun 7-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı Almaniyanın Münxen şəhərində etiraz aksiyası keçirilib.
Aksiyadan əvvəl azərbaycanlı və türk icmasının nümayəndələri Münxenin mərkəzi məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışına cavab olaraq cümə namazı zamanı erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, Qurandan ayələr oxunub, ruhları üçün dualar ediblər.
Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə məlumatlar dünya birliyinin diqqətinə çatdırılıb. Aksiyada çıxış edən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar.
Qeyd edək ki, aksiya Almaniyada nəşr olunan türkdilli qəzetlər tərəfindən də geniş işıqlandırılıb.
Aksiyanın sonunda Münxen şəhərinin azərbaycanlı və türk icması adından beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti tədbirlər görülməsi tələb edilib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağından narahatlıq ifadə olunub.