Fevralın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində ölkənin ali məktəblərində təhsil alan çinli tələbələrin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Universitetdən bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzin müdiri, professor Rafiq Abbasov iyirminci əsrin ən faciəvi hadisələrindən olan Xocalı qətliamının ağır nəticələrindən söz açıb. Dünyada bu qanlı hadisələr barədə həqiqətlərin yayılmasının, faciənin soyqırımı kimi tanınmasına nail olmağın vacibliyi vurğulanıb.
Sonra tələbələr Xocalı soyqırımı barədə Çin dilində ətraflı məlumat veriblər.
ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz işlər gördüyünü bildirib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu gün dünyaya səs saldığını söyləyən Ə.Əliyev soyqırımının beynəlxalq miqyasda tanınması, ona siyasi-hüquqi qiymət verilməsi üçün bütün gənclərimizin səfərbər olacağına inandığını deyib.
Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmlər nümayiş olunub.