Mərakeşin geniş oxucu kütləsinə malik “Əl-İslah və ət-Tənmiyə” (İslah və İnkişaf) qəzetinin 26 fevral tarixli sayında “Xocalı soyqırımının iyirmi dördüncü ildönümü” sərlöhvəli məqalə dərc olunub.
Xocalı soyqırımını iyirminci əsrin ən qanlı hadisələrindən biri kimi qiymətləndirən məqalə müəllifi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim Xocalı şəhərində dinc sakinlərə qarşı törətdiyi vəhşi əməllərdən bəhs edib.
Müəllif Xocalı şəhərinin yerlə-yeksan edildiyini və bu qanlı hadisənin Ermənistanın tarix boyu Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin nəticəsi olduğunu bildirib. Yazıda Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə geniş təbliğat işlərinin aparıldığı qeyd olunub. Eyni zamanda, məqalədə Xocalı soyqırımının beynəlxalq təşkilatlar tərəfindən pislənilməsinə və bir çox ölkələrin parlamentləri tərəfindən tanınmasına nail olunduğu bildirilir.
Müəllif Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə indiyədək əməl olunmadığını da nəzərə çatdırır. Qeyd edir ki, Ermənistan bu qətnamələrə göz yumaraq hələ də öz təcavüzkar əməllərini və işğalçı siyasətini davam etdirir. Yazıda, həmçinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan vermədiyi vurğulanır.