Kolumbiyanın, eləcə də Latın Amerikasının çoxtirajlı qəzetlərindən biri olan “El Espectador”da Xocalı soyqırımına həsr edilmiş, habelə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən bəhs edən “Xocalı soyqırımı, tarixin bir qara səhifəsi” adlı məqalə dərc edilib.
Azərbaycanın Kolumbiya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Xocalıya hücum zamanı erməni hərbi birləşmələrinin mülki əhaliyə, qadınlara, uşaqlara, yaşlılara divan tutulduğu, xüsusi amansızlıqla kütləvi qırğın törətdiyi haqqında ətraflı məlumatlar yer alıb.
Yazıda Ermənistan siyasi ideoloqlarının "Dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdlərinin on minlərlə insanın qətlə yetirilməsi, şəhərlərin və kəndlərin dağıdılması və Azərbaycan torpaqlarının işğalı ilə nəticələndiyi məqalədə qeyd olunur.
Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini bildirən məqalə müəllifi onun hələ də BMT-nin işğal edilmiş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən 4 qətnaməsini yerinə yetirməkdən, beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmaqdan imtina etdiyini bildirir.
Məqalədə Xocalı faciəsinə bənzər hadisələrin təkrarlanmaması üçün Azərbaycanın bütün dünyada ”Xocalıya ədalət!” kampaniyasını həyata keçirdiyi qeyd olunur.
Məqalə ilə qəzetin elektron səhifəsində də tanış olmaq olar.