Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin rəhbəri Asif Qurban, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri, professor Metin Ekici çıxış edərək Xocalı soyqırımı haqqında danışıblar, tarixi həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin fəallığının artmasının vacibliyini vurğulayıblar.
Daha sonra İzmirdə yaşayan istedadlı gənc rəssam Gülnarə Muxtarovanın Xocalı, Qarabağ mövzusuna həsr olunan əsərlərindən ibarət sərgisi təşkil olunub.
Həmin gün Xocalı soyqırımı ilə bağlı daha bir tədbir Eskişehirdə keçirilib. Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Aydın, dövlət rəsmiləri və ictimai xadimlər, QHT və KİV təmsilçiləri, müəllim və tələbələr iştirak ediblər.