Türkiyənin İzmir şəhərinin Bornova rayonunda Azərbaycan Dostluq Parkı və bu parkda Xocalı soyqırımı abidəsinin açılışı olub.
İzmirdəki Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa ilə Azərbaycanda fəaliyyət göstərən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədr müavini Dilbər Sultanovanın birgə təşəbbüsü əsasında Bornova bələdiyyəsi tərəfindən həyata keçirilən layihənin açılış mərasimində Azərbaycan və Türkiyə deputatları, diplomatlar, Bornova sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin himnləri səsləndirildikdən sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Türkiyə Böyük Millət Məclisinin üzvləri Tuncay Özkan, Aytun Çıray, İzmirın ayrı-ayrı rayon bələdiyyə sədrləri və digər nüfuzlu şəxslərin tədbirə ünvanladıqları məktublar oxunub. Məktublarda erməni faşistlərinin törətdikləri Xocalı soyqırımı pislənilib.
Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbas, Bornova rayon bələdiyyəsinin sədri Olgun Atila və həmin rayonun icra nümayəndəsi Mustafa Gündoğan, İstanbuldakı baş konsulluğumuzun konsulu Kənan Murtuzov, Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa, Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının sədri Bilal Dündar, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin təmsilçisi, Xocalı sakini Aqil Məmmədovun çıxışları dinlənilib.
Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycanın Xocalı şəhərində törətdikləri cinayətin dəhşətlərindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı dünya birliyi tərəfindən tam şəkildə tanınmasa, beynəlxalq məhkəmələr bu cinayəti törədən erməni faşistlərini mühakimə etməsə insan haqları deyilən dəyərlər tədricən öz mahiyyətini itirəcək.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xalqlarımızın qardaşlığına dair səsləndirdikləri dəyərli kəlamları xatırladan çıxışçılar bildiriblər ki, İzmirdə Azərbaycan Dostluq Parkı və parkda Xocalı soyqırımı abidəsinin açılması Azərbaycan-Türkiyə əbədi qardaşlığına daha bir nümunədir.