İtaliya Senatının Avropa İttifaqı Siyasəti Komissiyasının üzvü, Demokratik partiyasından olan senator Paolo Querrieri Paleotti Senatın ümumi iclasında Xocalı soyqırımı barədə çıxış edib. O, Xocalı qətliamını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi adlandırıb. Vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya hücum edərək şəhəri yerlə-yeksan ediblər.
Senator diqqətə çatdırıb ki, Ermənistan ordusu beynəlxalq hüququn əsas prinsiplərini pozaraq dinc əhalini, o cümlədən qadınları, uşaqları və yaşlıları vəhşicəsinə qətlə yetirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi, habelə Avropa Parlamentinin, NATO-nun və digər beynəlxalq təşkilatların sənədlərinin mövcudluğuna, problemin sülh yolu ilə həlli istiqamətində cəhdlərə baxmayaraq hələ də irəliləyişə nail olunmayıb. Eyni zamanda, hər an gərginləşmək təhlükəsi olan bu münaqişənin həllinə beynəlxalq birlik də kifayət qədər diqqət ayırmır. O, İtaliya hökuməti tərəfindən münaqişənin həlli istiqamətində müxtəlif beynəlxalq dairələrdə təşəbbüslərin irəli sürülməsinin, həmçinin problemin sülh yolu ilə həllinə nail olunmasında BMT-nin müvafiq qətnamələrinin icrasının vacibliyini diqqətə çatdırıb.
Xatırladaq ki, cari il İtaliya Parlamentinin Deputatlar Palatasında deputat Kristina Barcero, bu ölkənin Senatında senator Stefano Kandiani də Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.