Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə bu ölkədə silsilə tədbirlərə start verilib.

Fevralın 22-də Bern şəhərində yerləşən Beynəlxalq Məktəbin müəllim və şagird heyəti üçün həmin məktəbdə təhsil alan şagirdlərimiz tərəfindən “Dağlardan gələn göz yaşı” adlı təqdimat keçirilib. Təqdimat zamanı iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş vəhşilik barədə şəkillər və məqalələr vasitəsilə məlumat verilib.

Fevralın 22-dən etibarən Bern şəhərinin dəmir yolu vağzalının platformalarında və şəhərin bir çox izdihamlı yerlərində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə Xocalı soyqırımı barədə alman dilində böyük məlumatlandırma plakatları yerləşdirilib. Həmin plakatlarda aşağıdakı məlumat əksini tapıb: “Bütün dünya Azərbaycanla birlikdə dərin hüznlə Xocalı qətliamının qurbanlarını yad edir. 26 fevral 1992-ci il. 613 nəfər mülki şəxs, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq qətl edilib. www.justiceforkhojaly.org”.

Bu plakatlar fevralın 28-dək nümayiş etdiriləcək.

Fevralın 25-də isə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Bern şəhərindəki “Polit-Forum des Bundes” salonunda Xocalı soyqırımına həsr olunan tədbir təşkil edəcək. Tədbir zamanı Xocalı soyqırımına həsr olunan təqdimat və film nümayiş etdiriləcək, iştirakçılara əyani vəsaitlər paylanılacaq.

Tədbirdə, həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə“ rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək.