İsveçdə yaşayan azərbaycanlı, türk, türkmən və noqay icmalarının üzvləri fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Stokholmun Mynttorget meydanından (İsveç parlamentinin qarşısı) şəhərin əsas mərkəzinə “T-Central”a etiraz aksiyası çərçivəsində yürüş edib.
“SAF” İsveç-Azərbaycan Dərnəyi və Stokholm Azərbaycan mədəniyyət mərkəzi tərəfindən təşkil olunan yürüşdə yaşından asılı olmayaraq tədbirə toplaşan diaspor üzvlərimiz, 28 il əvvəl baş verən Xocalı soyqırımında şəhid olanların əziz xatirəsini ehtiramla yad edib.
Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı həqiqətləri haqda məlumat verən plakatlar daşıyan yürüş iştirakçıları, Xocalı şəhərində baş verən dəhşətli hadisələr barədə yerli ictimaiyyət nümayəndələrini məlumatlandırmağa çalışıb. Yerli ictimaiyyət nümayəndələrinin suallarını cavablandıran tədbir iştirakçıları bildiriblər ki, 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərini mühasirəyə alaraq, yerli sakinləri yalnız milli mənsubiyyətlərinə görə kütləvi qırğına məruz qoyub. Aksiya çərçivəsində İsveç və ingilis dillərində çap olunan bukletlər yerli əhaliyə paylanılaraq, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və olmaqla 613 Xocalı sakininin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfərin isə əsir götürüldüyü insanların diqqətinə çatdırılıb.
Aksiyada çıxış edənlər Xocalı qətliamının bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu və bu cinayəti törədənlərin məhkəmə qarşısında cavab verməli olduqlarını bildirib.