Azərbaycanın Moldovadakı səfirliyi, Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyası, Moldova İctimai Palatası Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş “Ərazi münaqişələrinin həllində ikili standartlar siyasəti” mövzusunda beynəlxalq konfrans keçiriblər.
Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının konfrans salonunda keçirilmiş tədbirdə Moldova Respublikasının sabiq parlament vəkili (ombudsman), İctimai Palatanın sədri Aureliya Qriqoriu, Moldovanın sabiq müdafiə naziri, politoloq, fəlsəfə doktoru Viorel Çebotaru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, fəlsəfə doktoru Məhsəti Əliyeva, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev, israilli məşhur politoloq Arye Qut çıxış ediblər. Konfransın işində Moldova dövlət orqanlarının, Moldovada akkreditə edilmiş diplomatik korpusun, Moldova mədəni və elmi ictimaiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri, Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının müdavimləri, Moldova Azərbaycanlılar Konqresinin fəalları da iştirak ediblər.
Tədbiri Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının birinci prorektoru, professor Andrey Qroza və Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev açıb.
İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut tədbirdə çıxış edib. O qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli və qanlı səhifələrindən biridir. İsrailli ekspert deyib: “Elə coğrafi adlar var ki, onlar insanın xislətindəki ən rəzil və alçaq cəhətlərin rəmzinə çevrilib: Babiy Yar, Liditsa, Oradur, Xatın və Sonqmi. Keçən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə edildi. O vaxtdan 24 il keçib, lakin erməni silahlı dəstələri tərəfindən Xocalı şəhərində törədilmiş qanlı qırğının ağrısı hələ də keçməyib. Erməni silahlı dəstələrinin vəhşiliyi və barbarlığı nəticəsində Xocalı sakinlərindən 613-ü öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin – qocalar, uşaqlar və qadınlar əsir götürülərək misli görünməmiş işgəncələrə, təhqirə və alçaldılmağa məruz qalıb. Bu, əsl soyqırımı aktı idi. Şahidlərin və xarici jurnalistlərin gördüyü tükürpədici mənzərə o qədər ağır və amansız idi ki, bu vəziyyəti sözlə təsvir etmək mümkün deyildi. Doğma Vətən torpağı onun tarixinə qəlbən bağlı olan sadə insanların, bu torpaqda yenicə ayaq tutub yeriməyə başlayan günahsız uşaqların cəsədlərini ilin soyuq fəslində öz ilıq ağuşuna aldı”.
Arye Qutun fikrincə, bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində əbədi yara kimi qalacaq. A.Qut vurğulayıb: “Tarixi fakt bundan ibarətdir ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun həndəvərini tərk etməyə macal tapmamış sakinlərin faktiki olaraq heç birinə rəhm etməyiblər. Mən Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həm İsrail ictimaiyyəti qarşısında, həm də Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq forumlarda tez-tez çıxış edirəm . Dəfələrlə demişəm və bir daha təkrar edirəm, bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və Xocalı soyqırımının digər təqsirkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın indiki prezidenti Sarkisyanın bir səmimi etirafını xatırlamaq kifayətdir. Onun sözlərinə görə, ermənilər mülki əhaliyə əl qaldıra bilmirdilər və məhz Xocalıda onlar bu stereotipi qıra bildilər. Ermənistanın təqsirkar olmasını həm Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində olan danılmaz faktlar, həm də çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin özlərinin dedikləri təsdiq edir”.
İsrailli ekspertin sözlərinə görə, bu gün artıq sirr deyil ki, Azərbaycan xüsusi xidmətlərinin məlumatına əsasən, hazırda 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab edilir. Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir qismi erməni əsirliyində xəstəlikdən vəfat edib, bir qısmi öldürülüb, bəzilərindən isə indiyə qədər ən ağır işlərdə qul kimi istifadə edirlər. Qut deyib: “Ermənistanda və işğal edilmiş ərazilərdə əsir və girov götürülmüş azərbaycanlılarla qəddar rəftar edilməsi, onların öldürülməsi, şikəst edilməsi və işgəncələrə məruz qalması barədə kifayət qədər informasiya və bunu təsdiqləyən ifadələr var”.
İsrailli ekspertin sözlərinə görə, İkinci Dünya Müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik Erməni Legionunun qəddarlığı tarixi faktdır. Arye Qut konfrans iştirakçılarını şoka salan yeni faktlar vurğulayıb: “Millətçi qoşun başçısı Dronun rəhbərlik etdiyi Erməni Legionunun məqsədi yəhudiləri qırmaq idi. Erməni Legionu bununla yanaşı, cəza düşərgələrində “ölüm marşları” təşkil edirdi. Bu gün isə azad Ermənistan uğrunda “mübariz” kimi qələmə verilən həmin qatı antisemit və faşist Ermənistanın indiki hakim dairələrinə öz ekspansionist planlarına bəraət qazandırmaq və gənc nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir simvol kimi lazımdır. Bu faşist, yəhudilərin məhv edilməsinin iştirakçısı Ermənistanda, erməni tarixinə dair dərsliklərdə qəhrəman kimi qələmə verilir. Məgər bu hərəkətlər antisemitizm, böyüməkdə olan nəsil arasında faşizmə haqq qazandırmaq, onu təbliğ etmək nümunəsi deyilmi?! Dro və Njde müasir Ermənistanda geniş təbliğ olunur. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. Vurğulayırıq: bu təbliğat hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir – bu əməllərin arxasında Ermənistan dövləti dayanır”.
Arye Qut vurğulayıb: “Mənim fikrimcə, XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın törədənlər məhz erməni generalı Dronun və Njdenin varisləri olan Ermənistanın indiki prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyandır. Xocalıdakı bu soyqırımı aktı Ermənistanın Azərbaycana qarşı total müharibəsinin ayrılmaz hissəsi olub. Erməni faşistlər hətta insanları qətlə yetirəndən sonra onların cəsədlərini də rahat qoymurdular. Şahidlərin, o cümlədən xarici jurnalistlərin sözlərinə görə, həlak olmuş xocalı sakinlərinin meyitlərinin təhqir edilməsi faktları olub”.
Arye Qut deyib: “XX əsrin sonu – XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə qətlə yetirilməsi nə üçün bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların əsas mənbəyinə çevrilib, bütün başqa problemləri ağuşuna alıb. Mənim xalqımın faciəsi olmuş Holokost uzun müddət qapalı mövzu idi. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı qətliam aktı mənim üçün şəxsi faciədir. Avropa yəhudilərinin fəlakətə məruz qaldığı dəhşətli illəri heç vaxt unutmaram. Bu fəlakət nəticəsində mənim xalqımın 6 milyon nümayəndəsi məhv edilib. O dəhşətli fevral gecəsində Xocalıda törədilənləri heç vaxt unutmaram. Həmin gecə erməni faşistlər insana nifrət təzahürü olan hərəkətlərin ən yüksək dərəcəsini göstərdilər. Xocalı qadınlarının, qocaların və uşaqların sifətlərindəki dəhşəti heç vaxt unutmaram. Onların çoxu başkəsən erməni terrorçuların əli ilə qətlə yetirildi, bəziləri isə erməni şovinistlərinin işgəncələrinə dözdülər, Ermənistan Respublikası rəhbərliyi tərəfindən yaradılmış müasir cəza düşərgələrində hökm sürən qeyri-insani şəraitə baxmayaraq sağ qaldılar”.
İsrailli ekspert çıxışının sonunda deyib: “Mən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəal iştirakçısı kimi, üzümü dünya ictimaiyyətinə tutub, Xocalıya ədalətli münasibət bildirilməsini tələb edirəm. Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsi naminə, bir daha öz analarını görməmiş uşaqların xatirinə, öz körpələrini bir daha heç vaxt sinələrinə basmayacaq anaların xatirinə biz bunu etməliyik. Dünya Xocalı haqqında bilməlidir. Xocalıya ədalət zəfər çalmalıdır”.