İspaniyanın paytaxtı Madriddə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib.
Ölkəmizin İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, parlament üzvləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, bu faciənin təkcə azərbaycanlılara deyil, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz zülm və təhqirlərə məruz qaldığını bildirib.
Səfir Xocalı soyqırımının XX əsr tarixinin ən qanlı səhifələrindən biri olduğunu, Ermənistanın apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğal olunduğunu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Səfir Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq hələ də səbəbkarların cəzalandırılmamasını, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirib, Xocalı soyqırımı qurbanları və onların ailə üzvlərinin beynəlxalq təşkilatlardan qətliama ədalətli qiymət verilməsini gözlədiklərini vurğulayıb.
A.Məhərrəmov ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu, lakin Ermənistan tərəfinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin və apardığı təcavüzkar siyasətin sülh danışıqları prosesinə ciddi xələl gətirdiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdəki çıxışına istinad edərək, ölkəmizin Ermənistanın hərbi təxribatlarına layiqli şəkildə cavab vermək, münaqişəni hərbi yolla da həll etmək iqtidarında olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışıb, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd edib. Ö.Önhon Xocalı faciəsinin insanlıq tarixində qara bir ləkə olduğunu, beynəlxalq ictimaiyyət tərəfindən bu qətliama siyasi-hüquqi qiymətin verilməsinin və cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən İspaniya Deputatlar Konqresinin üzvü Xose Mariya Çikiyo Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, BMT-nin əsas prinsip və normalarının, insan hüquqlarının kobudcasına pozulduğunu qeyd edib. Xocalı soyqırımının dəhşətli nəticələri barədə danışan deputat, dünya birliyinin bu faciəyə biganə qalmasının yolverilməz olduğunu vurğulayıb, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olunacağına ümidvar olduğunu bildirib.
ATƏT-in Parlament Assambleyasının insan hüquqları, demokratiya və humanitar yardım komissiyasının keçmiş prezidenti, İspaniyanın dövlət vəkili, akademik Xesus Lopes Medel çıxış edərək Xocalıda həmin gün baş verənləri “vəhşilik” adlandırıb, Xocalı soyqırımının heç vaxt unudulmayacağını qeyd edib. Bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağın vacibliyinə diqqət çəkən akademik tezliklə cinayətkarların layiqli cəzalarını alacağına, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olacağına ümid etdiyini bildirib.
Çıxışlardan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” adlı videoçarx nümayiş etdirilib.
Daha sonra dahi bəstəkar Qara Qarayevin seçmə əsərləri “Soyqırıma yox” foto kompozisiyasının müşayiəti ilə həmyerlilərimiz Nigar Əskərovanın pianoda və Kamran Ömərlinin skripkada ifasında mərasim iştirakçılarına təqdim edilib.
Sonda qonaqlar “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm əsərlərinin sərgisi ilə tanış olublar.
Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyasının bukletləri və posterləri paylanıb.