İraqın tanınmış jurnalisti doktor Mutəz Muhy Əbdülhəmidin "əl-Muraqib əl-İraqi" qəzetinin dünənki sayında "26 fevral... İslam ölkəsi Azərbaycan Respublikasının tarixində unudulmayan bir gün" sərlövhəli məqaləsi dərc edilib.
Müəllif ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyinin hələ XX əsrin əvvəllərindən özünü açıq şəkildə göstərdiyini qeyd edərək yazır: "Onlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmişlər. Onlar genişmiqyaslı qanlı hadisələrə səbəb olmuşlar. Bu zorakılıqlar Azərbaycanın paytaxtı olan Bakıda başlayaraq bütün ölkəyə, azərbaycanlıların yaşadıqları kəndlərə yayılmışdır. Həmçinin yüzlərlə kənd dağıdılmış, yer üzündən silinmiş, Azərbaycan xalqının minlərlə günahsız dinc övladı xüsusi vəhşiliklə qətl edilmişdir. Bütün bunlar isə “Böyük Ermənistan” dövləti yaratmaq üçün edilmişdir".
Mutəz Muhy Əbdülhəmid Xocalıda silahsız mülki şəxslərin qətlini bəşəriyyətə qarşı cinayət hesab edir, bunun erməni vəhşiliklərinin son həddi olduğunu bildirir. Müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırır. Bu hadisələri terrorçular, İŞİD tərəfindən Suriyada, İraqda günahsız mülki insanlara qarşı törədilən qırğınlarla müqayisə edərək bildirir ki, Xocalıda baş verənlər məhz bir xalqın öz dininə və etnik köklərinə görə kütləvi şəkildə məhv edilməsi məqsədilə törədilib.
Daha sonra iraqlı jurnalist qeyd edir ki, Xocalı qırğınında iştirak etmiş ermənilər və onların havadarları tərəfindən insan hüquqlarının açıq şəkildə pozulması Cenevrə Konvensiyası, İnsan Hüquqları üzrə Beynəlxalq Bəyannamə, Mülki və Siyasi Hüquqlar üzrə Konvensiya kimi beynəlxalq konvensiyaların və bəşəriyyət əleyhinə cinayətlərə qarşı mübarizə barədə imzalanmış sazişlərlə tam ziddiyyət təşkil edir. Bu cinayətlər barədə hələ də susmaq ermənilərin zor gücünə işğal etdikləri torpaqlarda qalmaqda inadkarlığını daha da artırır.