İordaniyanın məşhur televiziya kanallarından olan “7 Stars TV”də “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Xocalı qətliamı” adı ilə 55 dəqiqəlik veriliş iki gün nümayiş etdirilib. Videomaterialda Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda törədilmiş qırğında 613 nəfərin həlak olduğu, 150 nəfərin itkin düşdüyü qeyd edilir.
Verilişdə Xocalı faciəsinə həsr edilmiş tədbir zamanı səfir Sabir Ağabəyovun və iordaniyalı qonaqların çıxışları geniş işıqlandırılaraq, bu qırğının dünya ictimaiyyəti tərəfindən soyqırımı və müharibə cinayəti kimi tanınması çağırışları, erməni işğalının nəticələri haqqında bəhs edilir.
Həmçinin səfir S.Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışıb, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bir milyondan artıq insanın öz yurdundan didərgin düşdüyünü auditoriyanın diqqətinə çatdırıb. Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikdən bəhs edən səfir işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında beynəlxalq təşkilatlar tərəfindən bir neçə qətnamə qəbul edildiyini vurğulayıb.
S.Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş bəyanata görə Azərbaycan hökumətinin və xalqının səmimi təşəkkürünü çatdıraraq yaxın vaxtlarda Parlamentin Aşağı Palatası tərəfindən də müvafiq qərar qəbul ediləcəyinə ümidvar olduğunu deyib. Çıxışının sonunda diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində dəstəklədiyinə görə Əlahəzrət Kral II Abdullaha və İordaniya xalqına Azərbaycan rəhbərliyinin təşəkkürünü bildirib.
Daha sonra çıxış edən İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü Saleh İrşeydat Xocalı soyqırımının dünya tarixində ən kədərli və hüznlü tarix kimi qeyd edildiyini vurğulayıb, Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət olaraq qiymətləndirib.
Digər çıxış edənlər deyiblər ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı Şurasının 9-cu iclası zamanı qəbul edilmiş Qətnamədə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı törədilmiş cinayət kimi tanıyıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə sistematik işlərin görüldüyünü və bunun Xocalı şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün milli və insani vəzifə olduğunu vurğulayıblar.
İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti Ömər Əl-Armuti ölkəmizin müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə tədbir iştirakçılarını məlumatlandıraraq Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışıb, faktlar və statistik göstəriciləri öz kitabında əks etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti, teleaparıcı Sultan Həttab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışıb, Azərbaycanın işğal altındakı torpaqlarını hərbi yolla azad etməyə tam qadir olduğunu qeyd edib.