İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımın 26-cı ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsini yad edib.
Baş katib qeyd edib ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə və İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə istinad edib.
Daha sonra baş katib Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini ifadə edib.