Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Hyuston Universitetində tədbir keçirilib.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının, “Azərbaycan Mərkəzi”nin və Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.
Tədbirdə universitetin müəllim və tələbə heyəti, Hyustonda yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmçinin tədbirdə iştirak etmək üçün “Qara qar damcıları” (“Black Snowdrops”) kitabının müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çex Respublikasi) də Hyustona gelmişdilər.
Universitetin Qlobal Strateji və Tədqiqatlar üzrə rektor müavini Ceyms Ortiz çıxış edərək Azərbaycan-ABŞ və Hyuston-Bakı əməkdaşlığının vacibliyini, Hyuston Universitetinin bu tədbirə ev sahibliyi etməklə məsələyə diqqətini vurğulayıb.
Sonra Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və Hyustonda yerləşən “Azərbaycan Mərkəzi”nin icraçı direktoru İradə Axundova Xocalı soyqırımının hər bir azərbaycanlı üçün unudulmaz bir səhifə olduğunu qeyd edib, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov Xocalı qətliamının Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq üçün törədildiyini, Xocalıdan sonra digər işğal edilmiş ərazilərimizdə də eyni ssenarinin təkrarlandığını, lakin Azərbaycan xalqı və dövlətinin iradəsini qıra bilmədiyini vurğulayıb. V.Qurbanov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, bu qətliamı törədənlərin ədalət qarşısında cavab verəcəklərini bildirib. Bu məqsədə daha tez nail olmaq üçün səfirlik nümayəndəsi ABŞ-da yaşayan soydaşlarımızı daha da sıx birləşməyə dəvət edib.
“Qara qar damcıları”nın həmmüəllifi L.Begim kitabın azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarına həsr olunduğunu bildirib, sonra Xocalı şəhidlərinə həsr edilmiş şeir səsləndirib.
İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Lev Spivak Xocalı faciəsi ilə bağlı apardıqları fəaliyyət barədə geniş məlumat verib.
Tədbirdə, həmçinin “Qara qar damcıları” kitabının bəzi hissələri oxunulub.