ABŞ-da çıxan “Huffington Post” qəzeti Los-Ancelesin yəhudi icmasının nümayəndəsi Enni Laskonun ”Qırğın şahidinin başına gələnləri dinləyərkən” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin işğal olunması, dinc sakinlərinin misli görünməmiş vəhşiliklə qətlə yetirilməsi zamanı ermənilərə əsir düşmüş, burada dəhşətli işgəncələrə məruz qalmış Xocalı sakini Dürdanə Ağayevanın faciəli taleyindən danışılır.
Məqalə müəllifi yazır ki, Dürdanə Ağayeva ilə ABŞ-ın yəhudi icması nümayəndələrinin Los-Ancelesdə təşkil etdikləri qəbulda tanış olub. Xocalı qırğınının şahidi olan bu qadının başına gələnləri təsvir edən E.Lasko bildirir ki, Dürdanə gecənin bir aləmində evindən çıxıb güllə yağışı altında soyuq meşə ilə qaçmalı olub. Ermənilərə əsir düşüb, burada işgəncə, təhqir və həqarətlərə məruz qalıb, lakin yaşadığı bütün dəhşətləri bu 23 ildə danışa bilməyib.
Müəllif vurğulayır ki, Dürdanə Ağayevanın başına gələnlər ona Varşava, Pnompen, hətta Kiqalidə baş vermiş faciəli hadisələri xatırladır. Amma bu hadisə Xocalıda - ermənilərin azərbaycanlılara qarşı başladıqları münaqişə zamanı dünya qəzetlərinin sərlövhələrində gözə dəyməyən bir yerdə baş verib.
E.Lasko yazır: “Biz Holokostu yaşamış yəhudilərin nəvələri olduğumuz üçün Dürdanə Ağayevanın ağrı-acısını başa düşürük. Bizim ailələrin bəxti gətirib, çünki onların başına gələnlər ictimai şüura həkk olunub. Holokost qurbanlarının xatirəsinə həsr olunmuş təsisatlar, muzeylər və fondlar fəaliyyət göstərir. Dünya yəhudilərin faciəsini tanıyır. Onlar haqqında Oskar mükafatına layiq görülmüş filmlər çəkilib. Bizim tariximiz məktəb dərsliklərinə daxil edilib. Amma Dürdanənin hekayəsi ilk dəfədir eşidilir. Potensial din, mədəniyyət və dil əngəllərinə baxmayaraq, onun yaşadığı dəhşət bizi birləşdirib. Biz vahid təsəvvür və məqsədlə birləşmiş, sözlə ifadə edilə bilməyən faciəni yada salan qadınlar qrupuna çevrilmişik”
Müəllif sonda ümidvar olduğunu bildirir ki, Dürdanə Ağayevanın başına gələnlər qadınlar qrupunun hüdudlarını aşacaq. O, həmçinin ümid edir ki, Xocalı qırğınının digər şahidlərinin də hekayələri eşidiləcək.
Mənbə: AZƏRTAC