Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
23 Fevral 2016

Serbiyanın “Evroazija.info” portalında yayılan məqalədə Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinin Azərbaycanda və dünyanın bir çox ölkələrində yad edildiyi bildirilir.

Müəllif yazır ki, bu il dünya azərbaycanlıları müasir tarixin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının 24-cü ildönümünü qeyd edirlər. 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalıda baş verənlər azərbaycanlıların yaddaşında ağrı və kədər hissləri ilə qalıb. Həmin il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib. O dəhşətli gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb, onların 150-nin taleyi indiyədək məlum deyil.

Yazıda bildirilir: “Xocalıda törədilən cinayət bir sıra QHT-lər və media qurumları tərəfindən sənədləşdirilib. Belə ki, Rusiyanın "Memorial" Hüquq-Müdafiə Mərkəzi Xocalıda qadınlara və uşaqlara işgəncə verilməsini bildirib. Azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər dünya mətbuatını da dəhşətə gətirmişdi. ABŞ-ın “The New-York Times” qəzeti yük maşınlarının cəsədlərlə dolu olduğunu yazırdı”.

Məqalədə diqqətə çatdırılır ki, azərbaycanlılar beynəlxalq birliyi 1992-ci ildə Xocalıda dinc sakinlərə qarşı törədilmiş bu cinayəti pisləməyə çağırır. Ötən il Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı digər dini icmaların rəhbərləri Avropa İnsan Hüquqları Məhkəməsinə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün müraciət ediblər. Dini icmaların rəhbərləri təəssüf hissi ilə qeyd edirlər ki, 20 ildən çox vaxt keçməsinə baxmayaraq, Xocalı cinayətini törədənlər hələ də cəzalandırılmayıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoyulmur. Bu cür cəzasızlıq mühiti gələcəkdə oxşar cinayətlərin törədilməsinə zəmin yaradır.

Müəllif qeyd edir ki, həqiqətən də beynəlxalq birlik Xocalı hadisələrinədək Azərbaycanın digər bölgələrində - Quşçular, Malıbəyli və Qaradağlıda törədilənlərə vaxtında lazımi münasibət bildirsəydi, Xocalı faciəsi bəlkə də heç baş verməyəcəkdi. Bununla belə, son illər beynəlxalq ictimaiyyətin azərbaycanlıların 1990-cı illərdən bəri üzləşdiyi ədalətsizliklərə diqqət ayırması müşahidə olunur. Belə ki, hazırda Meksika, Pakistan, Kolumbiya, Rumıniya və Çexiya parlamentləri, ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər. Bu yaxınlarda Sloveniya Respublikasının Milli Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərar qəbul edib. Sənəddə Xocalı şəhərində törədilmiş soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulanıb və faciənin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı ifadə edilib.

Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında da ətraflı məlumat verilir.