Estoniya parlamentinin – Riykikoqunun Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar xüsusi bəyanatla çıxış edib.
Bəyanatda bu faciəli tarixlə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilir. Sənəddə deyilir: “Biz 600-dən çox günahsız dinc sakinin, o cümlədən çoxsaylı uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirildiyi Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan sakinlərinin kədərinə şərik olduğumuzu bildiririk. Biz bu qırğında təqsirkar olanları və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğalı zamanı onların Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətkar, qeyri-insani əməlləri qətiyyətlə pisləyirik. Bu əməllərə insanlığa qarşı cinayətdən başqa bir ad vermək mümkün deyil”.
Bəyanatda vurğulanır ki, bu qanlı qırğını törədənlər layiqli cəzalarını almalıdırlar. Azərbaycan Respublikasının ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dəstək ifadə edilən sənəddə vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regionun inkişafı üçün mühüm amildir.