Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilən növbəti qanlı cinayət barədə AZƏRTAC-ın rəsmi mənbələrə istinadən yaydığı məlumatlar dünya mediasının diqqət mərkəzindədir.
Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin, Baş Prokurorluğun Ermənistan ordusunun növbəti cinayətkar əməli barədə rəsmi bəyanatlarını AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) üzvü olan, həmçinin tərəfdaşlıq etdiyi informasiya agentlikləri vasitəsilə dünya ictimaiyyətinə çatdırıb.
Dünyanın nüfuzlu informasiya mənbələri olan “Reuters”, BBC, France Press informasiya agentlikləri, “Nyu-York Times”, “Le Monde” qəzetləri Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqəsini atəşə tutması nəticəsində uşaq və qadının öldürülməsi faktını həmin rəsmi məlumatlar əsasında işıqlandırıblar. BBC-nin “Dağlıq Qarabağda atəş nəticəsində azərbaycanlı uşaq öldürülüb” başlıqlı məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Alxanlı kəndini atəşə tutması zamanı körpə uşaq və onun nənəsi həlak olublar. “Zorakılıq hadisəsi çərşənbə axşamı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yaxınlığında, Füzuli rayonunun Alxanlı kəndində baş verib. Həlak olan iki yaşlı körpənin adı Zəhra Quliyevadır”, - deyə BBC yazır.
Azərbaycanlı nənə və nəvənin öldürülməsi, bir qadının isə yaralanması barədə məlumat verən Reuters qeyd edir ki, bu qanlı hadisəni atəşkəsi pozan Ermənistan silahlı qüvvələri törədib. Agentlik diqqəti ona da çəkir ki, atəşkəsin pozulması Cənubi Qafqaz regionunda ən böyük münaqişə ilə bağlı təhlükəli vəziyyət yaradır.
İki yaşlı Zəhranın qətlə yetirilməsi barədə ABŞ-ın “Nyu-York Times” qəzeti də məlumat dərc edib, region üçün təhlükəli olan Dağlıq Qarabağ münaqişəsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
İranın İRNA, Livanın NNA xəbər agentlikləri AZƏRTAC-ın məlumatlarına istinad edərək bu barədə xəbərlər yayıblar. NNA agentliyinin “Erməni vandalizmi: işğalçılar Azərbaycanın iki mülki vətəndaşını öldürüb” başlıqlı yazısında qeyd edilir ki, Azərbaycan ilə Ermənistan arasında 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, azərbaycanlı mülki əhali, eləcə də uşaqlar hələ də erməni vandalizminin qurbanı olur.
NNA yazır: “İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektləri qəsdən 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutublar. Təcavüz nəticəsində kəndin iki sakini həlak olub, bir nəfər yaralanıb. Azərbaycan tərəfi artıq beynəlxalq qurumları Ermənistanın son təxribatı barədə məlumatlandırıb”.
Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması, iki nəfərin həlak olması və bir nəfərin yaralanması ilə bağlı dünya mediasında ingilis, rus, ispan, fars, ərəb, fransız dillərində 80-dən çox informasiya yayılıb, Azərbaycanın hadisə ilə əlaqədar mövqeyi təqdim edilib.