Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil edib. İştirakçılar əvvəlcə səfirlikdə Xocalı faciəsini əks etdirən kitab, broşür və fotolardan ibarət guşə ilə tanış olublar.
Tədbirdə ziyalılar, türk diasporunun nümayəndələri, iş adamları, ölkədə fəaliyyət göstərən diplomatik missiyaların əməkdaşları, həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin ruhuna Qurandan ayələr oxunub, xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Səfir Rasim Rzayev çıxışında erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılmış soyqırımı siyasətinin tərkib hissəsi kimi Xocalıda günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilmələrindən söhbət açıb. Bu faciə zamanı qətlə yetirilmiş, itkin düşmüş və girov götürülmüş insanlar haqqında statistika, xalqımıza qarşı törədilən cinayətin erməni millətçiləri və onların himayədarları tərəfindən planlı şəkildə həyata keçirilməsi faktları diqqətə çatdırılıb. Xocalı soyqırımının törədilməsinə dair siyasi qərarın Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməsi haqqında faktların mövcudluğunu vurğulayan səfir bu faciəni törədənlərin bir qisminin müəyyənləşdirilməsi və onların beynəlxalq mühakiməyə cəlb edilməsi məqsədilə axtarışın elan olunduğunu bildirib.
Sonra Azərbaycan ombudsmanının bəyanatı oxunub, səfirliyin əməkdaşları və qonaqların çıxışları dinlənilib.
Tədbirdə “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi təşkil olunub, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində keçirilmiş tədbirlərdən fotoşəkillər nümayiş etdirilib. Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar, faciə ilə əlaqədar səfirliyin pres-relizi, “Xocalıya ədalət!” kampaniyasına dair materiallar, və “İRS” jurnalının Xocalı soyqırımına aid xüsusi buraxılışı mərasim iştirakçılarına paylanılıb.
Sonda Xocalı soyqırımını əks etdirən “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar səfirliyi tərəfindən digər tədbirlər də keçirilib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə, İslam Əməkdaşlıq Təşkilatına və Ər-Riyad şəhərində yerləşən diplomatik missiyalara Azərbaycan ombudsmanının Xocalı soyqırımı barədə bəyanatı və səfirlik tərəfindən hazırlanmış pres-reliz ünvanlanıb. İƏT tərəfindən üzv ölkələr arasında müvafiq bəyannamənin yayılması ilə əlaqədar səfirlik tərəfindən müraciətin edilməsi təşkil olunub. Bundan başqa, səfir Rasim Rzayevin məqaləsi nüfuzlu “Əl-Riyad” qəzetində dərc olunub.
Bundan başqa, Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının rəsmi internet səhifəsində açıqlama yerləşdirilib.