Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin nümayişindən əvvəl Nizami Kino Mərkəzinin foyesində Xocalı faciəsi zamanı lentə alınmış şəkillərdən ibarət fotosərgi ilə tanış olub.
Filmin nümayişində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və digər qurumların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məlumat verildi ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılıb. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.
Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək, öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqavimət nümayiş etdirməyə, qırğından sağ çıxmış xocalılılar ilə həmrəylik ifadə etməyə və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlib.
Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən “Sonsuz dəhliz” filmində Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. Nümayişdən əvvəl filmin rejissoru Aleksandras Brokas, jurnalist Riçardas Lapaitis və Xocalı soyqırımının şahidi Valeh Hüseynov çıxış ediblər.
Aleksandras Brokas deyib: “Şeytanın ayaq açıb oynaması üçün yeganə lazım olan bir şey varsa, o da yaxşı insanların süst oturması idi. Ola bilsin, bu, yeganə səbəbdir ki, biz 7 il əvvəl vaxt və təzadları düşünmədən sonu görünməyən yola çıxdıq. Mən bizə etimad göstərmiş, nəinki evlərinin, qəlblərinin də qapısını açmış insanlara təşəkkür edirəm. Yalnız onlar deyə bilərlər ki, insan gözləri qarşısında ailəsi qətlə yetiriləndə hansı hissləri keçirir. Onlar bilirlər ki, müharibə dustağı olmaq və ya işgəncə nədir. Onların adları çoxlarına məlum deyil: jurnalistlər Riçardas Lapaitis, Viktoriya İvleva, sağ qalmış Mehriban ana, musiqiçi və müəllim Valeh, bizim operator Seyidağa və həmçinin həmin qırğından sonra sağ qalmış gənc qız. Filmə onların və digər şahidlərin söylədikləri təqdim olunub. Fikrimizcə, bu sənədli filmi çəkdiyimiz zaman bundan artıq göz yaşı görmək mümkün deyildi. Ağrı, əzablar böyük idi. Lakin hər zaman kamera istiqamətlənir, işıqlar salınır və biz hər bir kadrda göz yaşları görürdük. Auditoriya inana bilmirdi ki, bu cür vəhşilik indiki dövrdə də mümkündür”.
“Sonsuz dəhliz” sənədli filminin indiyədək dünyada yarım milyarda yaxın insan tərəfindən izləndiyini deyən A.Brokas Leyla Əliyevaya və “Xocalıya ədalət” kampaniyasına təşəkkürünü bildirdi. O dedi ki, bu film bir neçə xarici dilə tərcümə olunub. Film bu günədək “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra ölkələrdə, o cümlədən 60-dan artıq kinofestivalda nümayiş etdirilib, ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”na layiq görülüb, Madrid Tenerife Beynəlxalq Film Festivalı isə “Sonsuz dəhliz” filmini “Ən Yaxşı Sənədli Film” və Aleksandras Brokası “Ən Yaxşı Sənədli Film Rejissoru” nominasiyaları üzrə qalib elan edib. “Fərəhlənirik ki, sənədli filmə baxanlar Xocalı soyqırımından sağ çıxmış insanlarla həmrəylik ifadə ediblər. Bu, o deməkdir ki, Azərbaycan xalqı artıq tənha deyil. Filmin bütün beynəlxalq mükafatlarını Xocalı faciəsində və Qarabağ müharibəsində həlak olmuş insanlara ithaf edirik. Bütün bu yorulmaz fəaliyyət nəticəsində biz illər boyu çalışdıq və müşahidə etdik ki, Azərbaycan xalqı cəsur, sülhsevər, mehriban və müdrik xalqdır”, - deyə A.Brokas vurğulayıb.
Litvalı jurnalist Riçardas Lapaitis çıxış edərək deyib: “Azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının bu gün 25 illiyi tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın Xankəndidəki texnikası və şəxsi heyətinin köməyi ilə blokadada olan Xocalı şəhərinə hücum ediblər. Mən Litva Jurnalistlər İttifaqının üzvü kimi 1992-ci ildə erməni silahlı dəstələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri vəhşiliyin şahidi oldum. Ermənistan bu cinayəti inkar edir. Lakin müəyyən edilib ki, 1992-ci il fevralın 25-də saat 19.50-də Ermənistanın müdafiə naziri Dağlıq Qarabağ ərazisində yerləşən bütün hərbi birləşmələrə tam döyüş hazırlığı barədə əmr verib. Bu qanlı qırğına erməni millətçiləri əvvəlcədən hazırlaşmışdılar. Təkcə Qarabağ ermənilərindən deyil, Suriya, Yaxın Şərq, Fransa və digər yerlərdən cəlb olunmuş muzdlu döyüşçülərdən istifadə edilib və o zaman bu işdə Daşnaksütyun partiyası böyük rol oynayıb. Vurğulamaq istəyirəm ki, “sərbəst dəhliz” haqqında mif o zaman yaranmışdı. Xocalıda dinc əhaliyə qarşı vəhşilik törədən hər kəs, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan və başqaları hələ ki, öz vicdanları qarşısında cavab verirlər. Ümid edirəm ki, bir gün ədalət zəfər çalacaq və bu hadisəni törədənlər beynəlxalq tribunalda cavab verəcəklər. Çünki Xocalı sakinləri özgə ərazidə deyil, öz torpaqlarında, ata-baba yurdlarında qətlə yetiriliblər”.
Xocalı soyqırımının şahidi Valeh Hüseynov da ağrılı-acılı hisslərini bölüşərək deyib: “Sonsuz dəhliz” sənədli filmi Xocalı həqiqətlərini üzə çıxarıb. Həmin gecə mən də Xocalıda idim. O zaman yenicə ailə qurmuşdum. Topların, tankların, raketlərin qarşısında biz əliyalın idik. İnsanların bir hissəsi Xocalının küçələrində qırıldı, sağ qalanlar meşəyə qaçdılar. Səhərədək yol getdik. Mən həmin gecə meşədə həyat yoldaşımdan ayrı düşdüm. Mən onu tapanda artıq gec idi, onu öldürmüşdülər. Həmin gecə mən də əsir düşdüm. Erməni vəhşiliyi haqqında əvvəllər də eşitmişdim, lakin əsirlikdə bunun əyani şahidi oldum. Xocalı faciəsi haqqında günlərlə, aylarla danışa bilərəm. Orada olan hər bir epizod mənim yaddaşımdadır. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında gördüyü böyük işlərə görə Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Məhz “Xocalıya ədalət” kampaniyası sayəsində bütün dünya Xocalı əhalisinin soyqırımına məruz qaldığı barədə daha ətraflı məlumat aldı. Bu soyqırımı ermənilərin təkcə azərbaycanlılara deyil, insanlığa qarşı cinayətidir. Arzu edirəm ki, torpaqlarımız sülh yolu ilə geri alınsın və sizi Qarabağda qarşılayaq”.
Sonra film nümayiş olundu.
Ekran əsərində Riçardas Lapaitis o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini və Dağlıq Qarabağ münaqişəsini iyirmi ildən sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “sonsuz dəhliz”də nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyir.
Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Amerika və Litva kinematoqrafçıları tərəfindən çəkilən “Sonsuz dəhliz” sənədli filminin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.