Xocalı soyqırımı haqqında çəkilmiş “Sonsuz dəhliz” sənədli filmi İspaniyanın Barselona şəhərində nümayiş etdirilib.
Tədbir Azərbaycanın İspaniyadakı səfirliyi və Barselona Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə “La casa Elizalde” Mədəniyyət Mərkəzində keçirilib.
Filmin nümayişindən əvvəl Azərbaycanın İspaniyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri barədə danışıb.
Filmi Barselonada yaşayan azərbaycanlılarla yanaşı, Kataloniya vilayətinin tanınmış iş adamları, hüquqşünaslar və ictimai fəallar da izləyiblər.
Sonda fikir mübadiləsi aparılıb və tədbir iştirakçıları Xocalı soyqırımının müasir tarixin ən dəhşətli hadisələrindən biri olduğunu qeyd ediblər.
Kataloniya vilayətinin tanınmış vəkillərindən biri, İspaniya Vəkillər Kollegiyasının üzvü Santyaqo Vidal filmin nümayişindən sonra təəssüratını bölüşərək deyib ki, bu film insanlığın faciəsi haqqındadır. Xocalıda baş verənlər siyasət və tarix dilində soyqırımı adlandırılmalıdır. Bütün beynəlxalq təşkilatların mövqeyinə, o cümlədən BMT-nin qətnamələrinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü hələ də təmin olunmayıb. Xocalı faciəsi heç vaxt unudulmayacaq və biz bu acını hiss edirik, bölüşürük.