Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə İordaniyanın dövlət və hökumət rəsmiləri, xarici işlər nazirliyinin baş katibi, idarə rəisləri, İordaniyanın yuxarı və aşağı palatasındakı Dostluq və Qardaşlıq cəmiyyətlərinin rəhbərləri və üzvləri, ölkənin xaricdə akkreditə olunmuş səfirləri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.
İştirakçılar Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.
Səfir Sabir Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bununla da bir milyondan artıq insanın öz yurdundan didərgin düşdüyünü auditoriyanın diqqətinə çatdırıb, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikdən bəhs edərək onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusilə vurğulayıb. O, beynəlxalq təşkilatlar tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında bir neçə qətnamənin qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb və İordaniya senatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş bəyanata görə, Azərbaycan hökumətinin və xalqının səmimi təşəkkürünü bildirərək, yaxın vaxtlarda parlamentin Aşağı Palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Çıxışının sonunda diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində dəstəklədiyinə görə Əlahəzrət Kral II Abdullaha və İordaniya xalqına Azərbaycan rəhbərliyinin təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən İordaniya senatındakı İordaniya-Azərbaycan Qardaşlıq Cəmiyyətinin sədri Mirvan Hammud, cəmiyyətin idarə heyətinin üzvü Saleh Rişeydat, İordaniya Nümayəndələr Palatasındakı Azərbaycan-İordaniya Dostluq Cəmiyyətinin sədri Hazim Qaşu, Xocalı soyqırımının dünya tarixində ən kədərli və hüznlü tarix kimi qeyd edildiyini bildiriblər. Onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə sistematik işlərin görüldüyünü və bunun Xocalı şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün milli və insanı vəzifə olduğunu diqqətə çatdırıblar.
Daha sonra çıxış edən İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti Ömər Əl-Armuti ölkəmizin müstəqillik əldə etməsindən sonra əldə etdiyi uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə tədbir iştirakçılarını məlumatlandıraraq Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışıb, faktlar və statistik göstəriciləri öz kitabında əks etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanda təhsil almış Filadelfiya Universitetinin professoru Amer Nizara Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrini öz gözləri ilə gördüyünü diqqətə çatdıraraq bu barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin azərbaycanlı qadınlar komitəsinin sədri Zümrüd Dadaşova ingilis dilində emosional çıxışı iştirakçılarda Xocalı soyqırımının miqyası barədə xüsusi təəssürat yaradıb.
Tədbirin rəsmi hissəsinin sonunda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı haqqında ingilis dilində hazırlanmış qısametrajlı film nümayiş etdirilib.
Tədbir İordaniyanın yerli KİV-ləri tərəfindən geniş işıqlandırılıb.