Perunun nüfuzlu “El Peruano” qəzetində “Xocalı soyqırımı” adlı məqalə dərc edilib.
Məqalədə erməni hərbi birləşmələrinin keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı 1992-ci il fevralın 26-da törətdiyi soyqırımından bəhs edilir.
Ermənilərin qadın, uşaq, qoca demədən Xocalının azərbaycanlı əhalisini misli görülməmiş şəkildə xüsusi amansızlıqla qətlə yetirdiyi, bu qırğının XX əsrin ən böyük faciələrindən biri olduğu qeyd edilir.
Dünyanın bir çox ölkələrinin bu faciəni soyqırımı kimi tanıdığı, o cümlədən “Human Rights Watch” təşkilatının hesabatında Xocalı faciəsinin Ermənistan ilə Azərbaycan arasındakı müharibədə ən böyük qırğın kimi qeyd olunduğu bildirilir.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etdiyi, rəsmi Yerevanın BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirmədiyi diqqətə çatdırılır.
Məqalədə Peru, Meksika, Kolumbiya, Qvatemala, Honduras, Panama və digər ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş qətnamələrlə Xocalıda baş vermiş hadisələrin soyqırımı kimi tanındığı qeyd edilir.