Londonda fəaliyyət göstərən Azərbaycan teatrı “Aloff” Xocalı soyqırımı və faciə nəticəsində zərər çəkənlər barədə sənədli tamaşa hazırlamağı planlaşdırır. Bu məqsədlə “Kickstarter” saytında “Xocalı - dünyada qaçqınların səsinin duyulması” kampaniyası başladılıb.
Layihənin məqsədi Xocalı soyqırımı şahidlərinin real hekayələri əsasında tamaşa hazırlamaqdır. Tamaşa həmin insanların başına gətirilən hadisələri dinamik tur teatrı vasitəsilə çatdıracaq. Tamaşanın səhnələşdirildiyi yerlərdə Xocalı hadisələri ilə bağlı fotosərginin, yaradıcı heyət və auditoriya ilə müzakirələrin, eyni zamanda, məktəblər və yerli icmalarla bağlı təhsil seminarlarının təşkili nəzərdə tutulub.
“Aloff” teatrının prodüseri Sənan Əliyev müsahibəsində bildirib ki, tamaşa, həmçinin sosial bir çağırış olacaq - qorxusuz və müharibəsiz bir dünya çağırışı. O deyib: “Bu gün dünyada müharibə alovları hər yeri bürüyüb və bundan ən çox zərər çəkənlər günahsız insanlardır. Qaçqın və məcburi köçkünlərin sayı durmadan artır. Biz inanırıq ki, Xocalı ilə bağlı həqiqətləri danışmaqla, həmçinin dünyadakı bütün qaçqın və məcburi köçkünlərin səsini çatdıracağıq”. Bildirilib ki, Xocalı faciəsi zamanı zərər çəkənlərin səsinin Azərbaycan sərhədlərindən kənarda eşidilməsində bu tamaşanın böyük rolu olacaq.
İlkin mərhələdə yaradıcı heyət Bakıya səfər edəcək, qaçqın və məcburi köçkünlərlə görüşüb onların başına gələn real hadisələr barədə pyes hazırlayacaq.
May ayında Londonda göstərilməsi planlaşdırılan tamaşa daha sonra dünyanın ən böyük teatr festivallarından olan Edinburq Festivalında nümayiş etdiriləcək. Daha sonra isə tamaşa Azərbaycanda və dünyanın digər ölkələrində göstəriləcək.
Kampaniya martın 30-dək davam edəcək.
Ətraflı məlumat əldə etmək və ya dəstək olmaq istəyənlər bu linkə daxil ola bilərlər: https://goo.gl/5MTZPN.