Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan daha bir anım mərasimi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində keçirilib.
Səfir Daşqın Şikarov mərasimdə çıxış edərək fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qətliamın acı nəticələri barədə danışıb. Bu soyqırımının erməni quldurlarının 1905-ci, 1918-ci və 1948-ci illərdə məhz müsəlman olduqları üçün azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların ardıcıl həlqəsi olduğu qeyd edilib. Diplomat azərbaycanlılara qarşı dərin nifrət və dözümsüzlük hissləri duyan Ermənistan prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas De Vaala söylədiyi faşist fikirlərə, habelə Zori Balayanın Xocalı soyqırımı zamanı əsir düşmüş 11 yaşlı qıza qarşı etdiyi qeyri-insani əməllərə toxunub.
Xocalı faciəsinin Türkiyə və Pakistanın, eləcə də London, Paris, Moskva və digər Qərb şəhərlərinin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırıldığını xatırladan səfir bu kütləvi məhvə siyasi-hüquqi qiymətin ilk dəfə məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edib.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından danışan diplomat kampaniyanın uğurlu fəaliyyəti nəticəsində xüsusilə də Avropa ölkələrində və ABŞ-da faciə barədə həqiqətlərin geniş yayıldığını vurğulayıb. O, Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Peru, Honduras, Bosniya və Herseqovina, Çexiya və Sudanın, eləcə də ABŞ-ın 20 ştatının qanunverici orqanları tərəfindən rəsmən tanındığını diqqətə çatdırıb və gələcəkdə ölkələrin coğrafiyasının artacağına əminliyini ifadə edib.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun sifarişi ilə istehsal olunmuş “Xocalı faciəsi” adlı sənədli filmə baxıb, fotosərgi ilə tanış olublar.
Tədbirdə Azərbaycan icmasının Əbu Dabi və Dubay şəhərlərindəki üzvləri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “SOCAR Trading” şirkətinin Dubay Əmirliyindəki nümayəndələri, BƏƏ-nin “Al Bayan” rəsmi dövlət qəzetinin və “Sky News Arabia” televiziya kanalının təmsilçiləri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.