Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən beynəlxalq konfrans keçirilib. Konfrans Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Bielefeld Universiteti Türk Tələbələr Birliyinin təşkilatçılığı, eləcə də Atatürkçü Düşüncə Dərnəyi (ADD), Türkiyə Gənclər Təşkilatı (TGB) və Bielefeld Universiteti Kültür Dərnəyinin dəstəyi ilə Bielefeld Universitetində baş tutub.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədr müavini Faiq Məmmədov açıb.
Daha sonra tədbirin moderatoru Etibar Qəniyev 24 il bundan əvvəl törədilmiş amansız qətliam haqqında məlumat verib, Xocalı soyqırımının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin təzahürü olduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev və digər çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdiyi təcavüzkarlıq aktları barədə söhbət açıb, “erməni soyqırımı” iddialarının tarixi yalan olduğunu vurğulayıblar.
Bundan başqa, universitet zalının foyesində “Xocalı soyqırımı” adlı informasiya stendi quraşdırılıb, yerli tələbələrə və digər qonaqlara Xocalı dəhşətlərini əks etdirən kitab, broşür və əyani vəsaitlər paylanılıb. Eyni zamanda, Xocalı soyqırımının tanıdılması üçün Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin hazırladığı müraciətə imza toplanılıb.
Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan konfransda Xocalı soyqırımı haqqında alman dilində hazırlanmış sənədli film nümayiş olunub, müzakirələr aparılıb.