1992-ci ilin fevral ayında erməni silahlı dəstələri tərəfindən törədilmiş Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin məktubu BMT Baş katibinin ünvanına göndərilib.
Məktubda deyilir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə 30 il bundan əvvəl törədilmiş ən iri qırğının 30 illiyi tamam olur. Qeyd edilir ki, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Qarabağ regionunda Azərbaycan şəhəri Xocalıya soxulmuş erməni qoşunları tərəfindən 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirilib. Təqribən 1000 nəfər yaralanıb, şəhərin 1275 sakini girov götürülüb, 150 adam itkin düşüb.
Çoxsaylı mənbələr, o cümlədən beynəlxalq təşkilatların sənədləri, həmçinin xarici jurnalistlər, hüquq müdafiəçiləri və beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən aparılmış müstəqil tədqiqatların nəticələri Xocalıda törədilmiş vəhşicəsinə cinayətlərin nə dərəcədə ciddi olmasını təsdiq edir.
Y.Əliyev qeyd edir ki, Xocalıda mülki şəxslərə hücumlarda beynəlxalq hüquq baxımından soyqırımı cinayətlərinin konkret elementlərinin olması soyqırım barədə ittiham irəli sürülməsi üçün zəruri şərtlərə riayət edilməklə Azərbaycanda aparılmış rəsmi təhqiqatın gedişində müəyyən edilib. Təəssüflə vurğulanır ki, Xocalıda törədilmiş cinayətlər yeganə hal olmayıb: Azərbaycanın bir sıra başqa şəhər, qəsəbə və kəndlərinin mülki əhalisi bütün münaqişə dövründə bu cür vəhşiliklərə məruz qalıb. Azərbaycanın mülki əhalisinə və dinc yaşayış məntəqələrinə qanunsuz hücumlar, insanların tutulub saxlanması və girov götürülməsi, hərbi əsirlərlə və tutulub saxlanmış mülki şəxslərlə qəddar rəftar, onların kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmələr, yaşayış məntəqələrinin və mülki infrastruktur obyektlərinin dağıdılması, Azərbaycanın mədəni və dini irsinin murdarlanması və məhv edilməsi – Ermənistan müharibə dövründə hərbi uğurlara nail olmaq və onları möhkəmlətmək üçün belə metodlardan və vasitələrdən qərəzli şəkildə istifadə edib.
Azərbaycanlı diplomat vurğulayır ki, 1990-cı illərin əvvəlində bu münaqişə ilə əlaqədar Azərbaycanın minlərlə vətəndaşının itkin düşməsi faktı da belə vəhşiliklərin miqyasına dəlalət edir. Belə insanların ümumi sayı 3890 nəfərdir, o cümlədən 719 mülki şəxs, onlardan 71-i uşaq, 267-si qadın və 326-sı ahıl şəxslərdir. Erməni silahlı qüvvələri tərəfindən geniş tətbiq edilən hiddətləndirici qəddarlıq nəzərə alınmaqla bu insanların salamat qalıb-qalmaması ciddi narahatlıq doğurur. Müəyyən edilib ki, itkin düşmüş insanlar arasında Azərbaycanın 872 vətəndaşı ya hərbi əsir, ya da girov kimi götürülüb, onlardan 605 nəfəri hərbi qulluqçu, 267 nəfəri dinc sakin, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl şəxs olub. Təqribən 30 il davam etmiş müharibə dövründə və Azərbaycan ərazilərinin işğal altında olduğu müddətdə Ermənistan itkin düşmüş azərbaycanlı şəxslər haqqında məlumat verməkdən, onların taleyini aydınlaşdırmaq üçün təhqiqat aparmaqdan imtina edib.
1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminə baxmayaraq erməni silahlı qüvvələri belə adlandırılan təmas xəttinin o biri tərəfində yaşayan azərbaycanlı mülki şəxslərə hücumları davam etdiriblər. Belə ki, 1994-cü ilin may ayından 2020-ci ilin sentyabr ayına qədər 31 nəfər dinc azərbaycanlı qətlə yetirilib, 69 nəfər yaralanıb, evlərə, məktəblərə, xəstəxanalara və digər mülki obyektlərə ciddi ziyan vurulub.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi daha sonra qeyd edir ki, 2020-ci ilin payızında hərbi əməliyyatların yenidən başlanması Ermənistan tərəfindən beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə etinasızlığın, sülh prosesinə ardıcıl olaraq əngəl törədilməsinin, Azərbaycanın işğal altında olan ərazilərini müstəmləkələşdirmək cəhdlərinin, qızışdırıcı və döyüşə çağıran bəyanatların, yerlərdə daimi təxribatların birbaşa nəticəsi olub. Ermənistan bu dəfə də özünün praktikasına “sədaqət” – müharibə qanunlarına və adətlərinə dərin nifrət nümayiş etdirərək Azərbaycanın mülki şəxslərinə birbaşa hücumlar edib, münaqişə zonasından kənarda, heç bir hərbi hədəf olmayan yerlərdə Azərbaycanın əhalisi sıx olan rayonlarına zərbələr endirib, bu zaman beynəlxalq səviyyədə qadağan edilmiş ağır silahlardan və kaset bombalarından istifadə edib, mülki əhalinin yaşadığı rayonları sistemsiz şəkildə minalayıb.
Y.Əliyevin vurğuladığı kimi, ermənilər tərəfindən belə hücumların tezliyi və vaxtı, o cümlədən Gəncə və Bərdə şəhərlərinin yaşayış məhəllələrinə gecə vaxtı raket zərbələrindən istifadə edilməsi onu göstərir ki, onların niyyəti Azərbaycanın mülki əhalisi arasında qurbanların sayını maksimuma çatdırmaq olub.
2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycanın 101 dinc sakini, o cümlədən 12 uşaq qətlə yetirilib, 400-dən çox dinc sakin yaralanıb, təqribən 84.000 nəfər öz evlərini tərk etməyə məcbur olub, 4300-dən çox fərdi yaşayış evi və çoxmənzilli bina, 500-dən çox başqa mülki obyekt dağıdılıb və ya zədələnib. Əsir götürülmüş azərbaycanlı hərbi qulluqçuların öldürülməsi halları, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədlərinin murdarlanması, azərbaycanlı hərbi qulluqçulara işgəncələr verilməsi, erməni əsirliyində olan şəxslərlə qəddar davranış halları sənədlərlə təsdiqlənib. Bundan əlavə, döyüş əməliyyatları dayandırılandan, müharibə başa çatandan sonra 36 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, bu hadisələr zamanı daha 165 nəfər yaralanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüququn sistematik olaraq geniş miqyasda və müxtəlif formalarda pozulmasının inandırıcı sübutları aşkar edilib. Dağıntıların misilsiz miqyası, vandalizm və ölülərin qarət edilməsi faktları insanı şoka salır. Bundan əlavə, həmin ərazilərdə mülki şəxslərin kütləvi şəkildə basdırıldığı yerlər aşkar edilib.
Y.Əliyev yazır ki, Ermənistan hakimiyyəti onun nəzarəti altında və onun rəhbərliyi ilə müvafiq qüvvələr, agentlər, vəzifəli və digər şəxslər tərəfindən törədilmiş çoxsaylı hərbi cinayətlərə görə özünün məsuliyyətini hələ də inkar edir, təqsirkarları təqib etmək və cəzalandırmaqdan, bu pozuntulara görə müvafiq təzminat və ya kompensasiya təklif etməkdən boyun qaçırır. Bu mövqe heç də təsadüfi deyil, çünki Ermənistanın hakimiyyət orqanları hiddətləndirici “etnik uyğunsuzluq” konsepsiyasını uydurub, ermənilərin “üstünlüyü” ideyasını irəli sürüb, bütün azərbaycanlıları öz torpaqları ilə tarixi və mədəni əlaqələri olmayan “köçəri tayfa” adlandıraraq dəfələrlə ultra irqçi bəyanatlar veriblər.
2020-ci ilin payızında 44 günlük müharibə Ermənistanın yürütdüyü təcavüz, işğal və etnik təmizləmə siyasətinə son qoydu. Son dərəcə vacibdir ki, beynəlxalq birlik müharibənin gedişində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş vəhşicəsinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb olunmasını təkidlə tələb etsin. Dövlətlərin beynəlxalq hüquqi məsuliyyət normaları, beynəlxalq insan haqları hüququ və beynəlxalq cinayət hüququ bunu tələb edir. Həmin cinayətkarların məsuliyyətə cəlb edilməsi törədilmiş cinayətlərin labüd nəticəsi, möhkəm sülh və barışıq yolunda hərəkətə başlamaq üçün zəruri şərt olmalıdır.
Y.Əliyev məktubunun sonunda qeyd edir ki, Azərbaycan ədalətin təmin edilməsi, öz Konstitusiyasına və qanunvericiliyinə, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa müvafiq olaraq təhlükəsizliyə hər hansı təhdidlərin qarşısının alınması və aradan qaldırılması, öz xalqının firavanlığı, suverenliyi və dövlətin ərazi bütövlüyü üçün səylərini davam etdirmək əzmindədir.