ABŞ-ın Aydaho ştatının qubernatoru K.L.Buç Otter xüsusi bəyannamə imzalayaraq fevralın 26-nı Aydahoda “Xocalı qətliamını anma günü” elan edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.
Bu bəyannamə Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci il fevralın 26-da Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyannamə, eyni zamanda, Aydaho ştatının dövlət katibi Lorens Deni tərəfindən də imzalanıb.
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.