Xocalı soyqırımı Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biridir. Bunu Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu “Ərazi münaqişələrinin həllində ikili standartlar siyasəti” mövzusundakı konfransda bildirib.
Kişineuda keçirilən və Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirin təşkilatçıları Moldovadakı Azərbaycan səfirliyi, Moldova Respublikası hökuməti yanında İctimai İdarəçilik Akademiyası və Moldova İctimai Palatasıdır.
Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 25 ildir ki, davam edir. Bu təcavüz insan haqlarının təməl prinsiplərinin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının kütləvi pozulması ilə müşayiət olunur. Aureliya Qriqoriu deyib: “Təcavüz nəticəsində Ermənistan 360 kilometr məsafədə Azərbaycan sərhədlərini pozub, Azərbaycan-İran sərhədinin 198 kilometrlik hissəsini öz nəzarətinə götürüb. İşğal edilmiş ərazilərdə 890 şəhər, kənd və qəsəbə, 102 min yaşayış evi, 7 min ictimai bina, 693 ümumtəhsil məktəbi, 695 səhiyyə obyekti, 800 kilometr uzunluğunda avtomobil yolu, 160 körpü, 23.000 kilometr uzunluğunda su kəməri xətti, 156 min hektar şumluq torpaq, 464 tarixi abidə və muzey dağıdılıb. İlkin hesablamalara görə, təcavüz nəticəsində Azərbaycana 600 milyard ABŞ dolları məbləğində zərər vurulub”.
İctimai Palata sədrinin sözlərinə görə, Ermənistanın apardığı hərbi əməliyyatlar və talanlar nəticəsində 20 min adam həlak olub, 100 min azərbaycanlı yaralanıb, 50 min nəfər əlil olub. A.Qriqoriu deyib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağ müharibəsinin gedişində 4600 adamın itkin düşdüyünü qeydə alıb ki, bunların 3700 nəfəri azərbaycanlıdır. 2012–ci ilin rəsmi məlumatlarına əsasən, əsir düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4000 nəfərdən çoxdur, onların 439-u əsirlikdə həlak olub. Ermənistanın, eləcə də Azərbaycanın işğal olunmuş ərazisindən 1 milyondan çox azərbaycanlı qovulub. O cümlədən Ermənistanın 185 yaşayış məntəqəsindən 250 min nəfərdən çox azərbaycanlı zorla qovulub. Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləmələrin qurbanı olub, elementar insan haqlarından məhrum edilib. Qovulma talan və qətllərlə müşayiət olunub. Etnik təmizləmə siyasəti Azərbaycanın işğal edilmiş ərazilərində də davam etdirilib. Dağlıq Qarabağda və 7 ətraf rayonda təxminən 760 min azərbaycanlı daimi yaşayış yerlərindən zorla çıxarılıb”.
Azərbaycan ərazilərinin işğalı soyqırımı aktları ilə müşayiət olunub. Aureliya Qriqoriu deyib: “XX əsrin sonunda Azərbaycan xalqının qarşılaşdığı ən dəhşətli faciələrdən biri Xocalı şəhərində baş vermiş soyqırımıdır. Bu gün o qorxunc hadisənin 24-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərini ələ keçirərək xüsusi amansızlıqla 613 nəfəri, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı qətlə yetiriblər. Xocalıda azərbaycanlıların soyqırıma məruz qalması faktı artıq bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası özünün dörd qətnaməsində Azərbaycan ərazilərinin işğal edilməsi faktını birbaşa qeyd edib, bununla bərabər, “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü”, habelə “beynəlxalq sərhədlərin dəyişilməzliyini” bir daha təsdiqləyib”.
İctimai Palata sədrinin fikrincə, AŞPA-nın Sərsəng su anbarı ilə bağlı sonuncu qətnaməsi Ermənistanın təcavüzkar dövlət olmasını bir daha təsdiqləyib. Həmin sənəddə Dağlıq Qarabağ yalnız Azərbaycanın bir hissəsi kimi qeyd olunub. Bununla da Azərbaycanın ərazi bütövlüyü yenə də təsbit edilib.
Elə həmin gün AŞPA-da britaniyalı deputat Robert Uolterin qətnaməsi dinlənilib və qəbul olunmayıb. “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın eskalasiyası” qətnaməsinin lehinə 66, əleyhinə 71 deputat səs verib. Məruzədə “erməni silahlı birləşmələri və digər qeyri-nizami birləşmələrin Dağlıq Qarabağdan çıxarılması, hər iki ölkənin hökumətlərinin hərbi güc tətbiqindən çəkinməsi, habelə Dağlıq Qarabağda təhlükəsizliyin dəstəklənməsi, köçkünlərin qayıdışının təmin edilməsi, atəşkəs rejiminin pozulması hallarının təhqiq olunması mexanizminin yaradılması üçün ATƏT-ə beynəlxalq sülhməramlı qüvvələri formalaşdırmaq çağırışları vardı”.
Aureliya Qriqoriu qeyd edib: “Dörd Moldova deputatından yalnız biri – Valeri Qeletski AŞPA-da Dağlıq Qarabağa dair qətnamənin qəbulunun lehinə səs verib. Liliana Palixoviç və Valentina Buliqa bitərəf qalıblar. Deputat Andrey Nequtsa ümumiyyətlə səsvermədə iştirak etməyib. Niyə görə Moldova - dondurulmuş münaqişəsi olan ölkə bu sayaq qətnamələrin qəbulunda bitərəf qalır? Dövlətlərin ərazi bütövlüyü kimi mövzunun müzakirəsi zamanı susmaq və ya bitərəf qalmaqla Moldova özünü daha bir neçə separatçı qurumla üzləşmək təhlükəsi altında qoyur. Bütün bunlar bir tərəfdən, ərazi bütövlüyü məsələsində dəqiq dövlət mövqeyinin yoxluğu, qismən də beynəlxalq birlikdə ikili standartların nəticəsidir”.