Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
05 Mart 2016

İkinci Dünya müharibəsindən sonra beynəlxalq ictimaiyyət insan hüquqları və dövlətlərin müdafiəsinə yönəlmiş beynəlxalq təcrübə qaydalarını sistemləşdirərək dövlətlərarası münasibətlərin qanunun aliliyinə əsaslanaraq idarə olunması üçün geniş konsensus əldə edib. Buna baxmayaraq bu böyük addım silahlı münaqişələrə son qoya bilməyib. Azərbaycanın qərbində yerləşən bir şəhərdə - Xocalıdakı hadisə buna nümunədir.

 

Bu fikirlər argentinalı jurnalist Vanina Soledad Fattorininin geniş oxucu kütləsinə malik ispandilli informativ-analitik xəbər portalı olan “United Explanations”da yayılmış “Xocalı soyqırımı: Dağlıq Qarabağın qaranlıq və tanınmamış səhifəsi” adlı məqaləsində yer alıb.

 

Məqalədə qeyd edilir ki, Xocalıda baş verənlər Azərbaycan dövləti və insan hüquqları üzrə təşkilatlar, məsələn, Human Rights Watch tərəfindən soyqırımı kimi təsnif olunub. Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırımı bir milli qrupun düşünülmüş şəkildə tam və qismən məhv edilməsi niyyəti ilə qətliamın törədilməsidir. Xocalıda 613 mülki vətəndaş, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, minlərlə insan yaralanıb, 1275 nəfər əsir götürülüb, onların böyük əksəriyyəti işgəncələrə məruz qalıb və qətlə yetirilib, 150 nəfər itkin düşüb və bu günədək onlarla bağlı heç bir məlumat yoxdur.

 

Hadisələr barədə hesabatında Human Rights Watch təşkilatı qeyd edir ki, Xocalıda baş verənlər Ermənistan və Azərbaycan arasındakı münaqişə dövrü ərzində ən dəhşətli qətliam olub. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 2015-ci ildə qəbul olunmuş qətnamədə bildirilir ki, azərbaycanlılar erməni hərbçilərinin işğal etdiyi şəhərdən qaçmağa məcbur olublar. Bu səbəbdən, Xocalıda baş verənlər müharibə cinayətləri və insanlığa qarşı cinayətlər olan xüsusilə ağır cinayət əməlləri kimi qiymətləndirilib.

 

Vurğulanır ki, Xocalı qətliamından 24 il keçməsinə baxmayaraq, beynəlxalq ədalət məhkəməsi qarşısında cavabdehlər yoxdur. Bu səbəbdən 2008-ci ildə “Xocalıya ədalət!” adlı beynəlxalq maarifləndirmə kampaniyasına start verilib. Meksika, Pakistan, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Panama, Peru, Kolumbiya, Serbiya, İordaniya, Honduras, Sudan və digər ölkələr, ABŞ-ın 18 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini pisləyən qətnamələr qəbul edib.

 

Məqalədə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal etdiyi oxucuların diqqətinə çatdırılır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların sülhün bərqərar olması üçün gözlənilən nəticələri vermədiyi qeyd edilir.

 

BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi müxtəlif beynəlxalq təşkilatların sənəd və qətnamələri Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını pisləyir. Bu sənədlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət olunmasını təsdiqləyir. Eyni zamanda, həmin sənədlər erməni qoşunlarının işğal olunmuş ərazilərdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına zəmanət verilməsini tələb edir. Təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə yüksək göstəriciyə malikdir.

 

Məqalədə deyilir: “Kədərli nəticə bundan ibarətdir ki, hərbi qüvvələr tərəfindən çoxsaylı dinc əhalinin qətlə yetirilməsi təsdiqini tapsa da, bu günə kimi ədalət bərpa olunmayıb və cavabdehlərin cinayət mühakiməsi baş tutmayıb. Əgər biz beynəlxalq gündəmə ədalətli və sülh içində bir dünya arzusu ilə baxmaq istəyiriksə, Xocalı qətliamının törədilməsi faktı inkar olunmamalıdır. Həmçinin müvafiq ədalət mühakiməsinin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin zəruri həllinin gözlənildiyi danılmamalıdır. Münaqişənin həllini tapmaması Qafqaz regionunun sabitliyini təhlükə altında qoyur”.