Fevralın 26-da “Xocalıya ədalət” kampaniyası çərçivəsində Kanadanın Ontario əyalətinin paytaxtı Torontoda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar aksiya keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən bildiriblər ki, Ontario Parlamentinin qarşısında təşkil edilən aksiyada Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız, o cümlədən həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, 1992-ci il fevralın 26-da Xocalıda erməni hərbçiləri tərəfindən törədilmiş cinayətlərə qarşı “Qarabağa azadlıq”, “Xocalıya ədalət” kimi şüarlar səsləndirilib, Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər və plakatlar nümayiş etdirilib, eləcə də məxsusi olaraq aksiya üçün hazırlanmış Xocalı faciəsi haqqında broşürlər paylanılıb. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran aksiya iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb edib, Kanadanın yerli və federal millət vəkillərini Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırıblar.