Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam bələdiyyəsində Xocalı soyqırımının 26-cı il dönümü qeyd olunub.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və Qızılcahamam bələdiyyəsi tərəfindən təşkil edilib.
Tədbirdə Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu, hakim Ədalət və İnkişaf Partiyasının Ankaradan olan millət vəkili Emrullah İşler və digər rəsmilər iştirak ediblər.
Çıxış edənlər 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs ediblər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.