Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə və Muzey Kompleksində anım mərasimi keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbə və kursantlarımız, diaspor və ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri və Qızılcahamam rayonunun sakinləri iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyə himnləri səsləndirilib.
Türkiyə Baş nazirinin müavinləri Lütfi Elvan və Numan Kurtulmuşun tədbirə ünvanladıqları məktublar oxunduqdan sonra çıxışlar olub.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Qızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, tələbə və kursantlarımız çıxışlarında Xocalı soyqırımı, ümumiyyətlə ermənilərin xalqımıza qarşı uzun zaman kəsiyində törətdikləri vəhşiliklər barədə məlumat veriblər.
Səfir Xocalı Abidə və Muzey Kompleksinin Azərbaycan ilə Türkiyənin birgə qan yaddaşını nümayiş etdirdiyini bildirib, Xocalıda törədilmiş soyqırımının daim yaddaşlarda qalmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı iştirakçılara əyani vəsaitlər paylanılıb.