Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə fevralın 22-də Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.
Aksiyada Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çexiya, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.