Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı dördüncü simpozium keçirilib. Ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə əlaqədar artıq dördüncü ildir ki, keçirilən simpozium Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi, Alman-Azərbaycan Forumu, Alman Atlantik Cəmiyyəti, Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun birgə təşkilatçılığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer postsovet məkanında mövcud olan ərazi münaqişələrinin məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə başladığını, Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd olaraq işğal olunduğunu qeyd edib. Bildirib ki, artıq dördüncü ildir keçirilən tədbirin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün töhfə verməkdən ibarətdir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış edərək tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc şəraitdə yaşadığı, tolerant və multikultural dəyərləri ilə bütün dünyaya səs salan Azərbaycanın öz qonşusu tərəfindən təcavüzə məruz qalması, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qətliam, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışıb. Səfir ölkəmizin işğaldan əziyyət çəkməsinə baxmayaraq, regionda aparıcı gücə və etibarlı tərəfdaşa çevrilməsi, inkişafa və sabitliyə töhfə verən böyük layihələr həyat keçirməsi, qonşuları və dünya ölkələri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı faydalı münasibətlər qurması barədə məlumat verib. Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son iki ildə Almaniyaya həyata keçirdiyi səfərlərinin iki ölkə arasında siyasi tərəfdaşlıq və iqtisadi əməkdaşlığa böyük töhfə verdiyini vurğulayıb.
Almaniya Bundestaqının deputatı, hakim Xristian-Demokratlar/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici siyasət məsələləri üzrə rəhbəri Frants Yozef Yunq Azərbaycan və Almaniya arasında münasibətlərin bütün sahələrdə, o cümlədən hökumətlərarası və parlamentlərarası səviyyədə uğurla inkişaf etdiyini, Kansler Angela Merkel və Prezident İlham Əliyev arasında ötən il baş tutmuş görüşün bu münasibətlərin inkişafında oynadığı rolu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan almaniyalı deputat 24 il əvvəl Xocalıda yüzlərlə insanın qətlə yetirilməsini dəhşətli faciə adlandırıb. Frants Yozef Yunq Azərbaycanda mövcud olan tolerantlıq mühitinin bütün region üçün nümunə olduğunu vurğulayıb.
Almaniya müdafiə nazirinin müavini Ralf Brauksipe çıxış edərək Xocalı faciəsini Azərbaycan üçün “açıq yara” adlandırıb və bildirib ki, Almaniya həm ATƏT sədri olaraq Minsk qrupu çərçivəsində, həm də Avropa İttifaqı vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə töhfə verməyə çalışır. Münaqişənin həllinin yalnız beynəlxalq hüququn prinsipləri əsasında mümkün olduğunu vurğulayan natiq Azərbaycanın uğurlu inkişafının bu münaqişənin həllinə imkan yaratdığını qeyd edib. Ralf Brauksipe əlavə edib ki, Azərbaycanın öz imkanlarını həm də regionda inkişafa nail olmaq üçün sərf etməsi yüksək qiymətləndirilməlidir.
Çıxışlardan sonra Almaniya Bundestaqının və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirə keçirilib. Müzakirəyə tanınmış alman publisist və jurnalist Rixard Kisler moderatorluq edib.
ATƏT-in Parlament Assambleyasının üzvü, Bundestaqın Sosial Demokratlar fraksiyasının büdcə məsələləri üzrə sözçüsü Yohannes Kars bildirib ki, Almaniya hazırda ATƏT sədri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün tərəflərin iştirakı ilə bir hərəkətliyin yaranmasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün addımlar atılmasına çalışmalıdır.
Almaniyalı deputat, Almaniya Federativ Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aksel Fişer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmanın yolverilməzliyini vurğulayıb və Minsk qrupunun həmsədrlərinin münaqişənin son zamanlar AŞPA-da müzakirəsinə etiraz etməsini tənqid edib.
Almaniya Bundestaqının Solçular fraksiyasının idman siyasəti məsələləri üzrə sözçüsü və icraçı katibi Andre Han Qərbin Azərbaycana münasibətdə Ukraynada buraxdığı səhvləri təkrarlamamasının vacibliyini vurğulayıb. O, Azərbaycanda olan inkişafı yüksək qiymətləndirib və ona qarşı ikili standartlı yanaşmaya son qoymağa çağırıb.
Almaniya Bundestaqının iqtisadiyyat və enerji komitəsinin üzvü Mark Hauptman mürəkkəb regionda yerləşən Azərbaycanın Avropa ilə əməkdaşlığa əhəmiyyət verdiyini, Avropanın da qarşılığında Azərbaycana hər zaman dəstək verməli olduğunu vurğulayıb. O, Azərbaycandakı inkişafın alman şirkətlərində böyük maraq doğurduğunu, ölkəmizdə “ASAN xidmət” nümunəsində yaxşı idarəçilik və şəffaflığın təmin olunmasının bir sıra ölkələr, o cümlədən Almaniya üçün nümunə olduğunu qeyd edib.
Milli Məclisin gənclər və idman komitəsinin sədri, Almaniya-Azərbaycan parlamentlərarası qrupunun üzvü Fuad Muradov Xocalı faciəsinin yad edilməsində məqsədin Azərbaycanda qisasçılıq hisslərinin aşılanması deyil, əksinə insanlığa qarşı bu cür cinayətlərin bir daha baş verməsinin qarşısını almaq olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, Almaniya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Rövşən Rzayev təmsil etdiyi Dağlıq Qarabağın azərbaycanlı icması adından alman siyasətçilərə münaqişənin həllində göstərdikləri dəstəyə görə təşəkkür edib.
Daha sonra simpoziumda Dağlıq Qarabağ münaqişəsinə dair Almaniyada nəşr olunmuş Zigen Universitetinin siyasi elmlər fakültəsinin professoru Rüdiger Kipkenin müəllifi olduğu “Cənubi Qafqaz münaqişə ocağı – Azərbaycan sovet və erməni maraqlarının diqqətində” və Boxum Rur Universitetinin Sülh və Silahlı Münaqişələr Üzrə Beynəlxalq Hüquq İnstitutunun rəhbəri Hans Yoaxim Hayntsenin müəllifi olduğu “Dövlətlərin ərazi bütövlüyü: beynəlxalq hüququn qüvvədə olan prinsipinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nümunəsində araşdırılması” adlı kitabların təqdimatı keçirilib. Potsdam Universitetinin iqtisadi və sosial elmlər fakültəsinin professoru Vilfrid Furmanın aparıcılığı ilə sözügedən kitablar onların müəllifləri ilə müzakirə edilib.
Tarixçi alim Rüdiqer Kipke çar Rusiyası zamanında ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, onların xüsusilə İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirilməsi nəticəsində bu bölgələrdə əhalinin milli tərkibinin ciddi şəkildə dəyişdirilməsi barədə məlumat verib. Professor Kipke bəzi tarix ədəbiyyatlarında faktların saxtalaşdırılaraq, guya Sovet İttifaqının Dağlıq Qarabağı Ermənistandan qopararaq Azərbaycana verməsinin iddia edilməsinin yanlış olduğunu, əslində Kommunist Partiyasının Qafqaz Bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycan SSR-in ərazisində saxlanmasından söhbət getdiyini vurğulayıb.
Beynəlxalq hüquq üzrə mütəxəssis Hans Yoaxim Hayntse xalqların öz müqəddəratını həll etmək hüququnun Dağlıq Qarabağ ermənilərinə şamil edilə bilməməsini hüquqi arqumentlərlə əsaslandırıb. Professor Hayntse bildirib ki, erməni xalqı öz müqəddəratını artıq Ermənistan dövlətini yaratmaqla həll edib. Belə olan halda Azərbaycanda yaşayan ermənilər xalq deyil, milli azlıq hesab edilə və milli azlığa məxsus olan hüquqlardan yararlana bilərlər.
Simpoziuma Almaniya hökumətinin yüksək rütbəli təmsilçiləri, Bundestaqın və Azərbaycan Milli Məclisinin deputatları, Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun və kütləvi informasiya vasitələrinin nümayəndələri daxil olmaqla, ümumilikdə 200-ə qədər şəxs qatılıb.