Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.” qəzetinin Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı xüsusi buraxılışı dərc edilib.
Qəzetdə baş konsul Rəşad İsmayılovun faciə ilə bağlı məqaləsi yer alıb. Məqalədə qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə analoqu olmayan hadisələrdəndir. Azərbaycana qarşı təcavüzkar siyasətin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin və onların havadarlarının xalqımıza qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
Xüsusi buraxılışda, həmçinin baş konsulluq tərəfindən gürcü dilində tərcümə olunmuş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən nəşr etdirilmiş “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı haqqında da məlumat verilib.