Amerikada fəaliyyət göstərən nüfuzlu “Jewish Journal” nəşri Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın “Salamat qalma tarixçəsi və tanışlığın şəfa qüvvəsi” sərlövhəli məqaləsini dərc edib.
Müəllif Holokost, Bosniyada, Kambocada, Ruandada və digər ölkələrdə törədilən soyqırımılardan tez-tez bəhs olunmasına baxmayaraq müasir dövrdə törədilmiş insanlığa qarşı cinayətlərdən biri kimi Xocalı soyqırımının diqqətdən kənarda qaldığını vurğulayaraq özünün Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələrdən və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrdən söhbət açır.
D.Ağayeva yazır ki, o, erməni hərbçiləri tərəfindən əsir götürülüb və əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qalıb. Hətta əsirlikdən qurtulduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirib, çünki Azərbaycan qadını kimi onun şəxsiyyətinin təməli vəhşicəsinə məhv edilmişdi.
D.Ağayeva qeyd edir ki, erməni qoşunları Xocalıda bəşəriyyətin son dövrlər ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən onun cəmi 20 yaşı vardı. O yazır ki, gözləri qabağında iki yaşlı azərbaycanlı uşağın öz valideynləri ilə birlikdə necə gülləbaran edildiyinin, hamilə qadınların və qocaların avtomat süngüsü ilə necə öldürüldüyünün şahidi olub. Təbii ki, Ermənistan Xocalıda bu dərəcədə qəddar hadisələr törətdiyini inkar edəcək və təbii ki bu kütləvi qırğınları törədənlərdən heç biri bu vəhşiliklərə görə məsuliyyəti öz üzərinə götürmək istəməyəcək.
D.Ağayeva daha sonra yazır ki, müsəlman qadını kimi onun erməni əsirliyində olarkən məruz qaldığı işgəncə, zorakılıq və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyinə görə çəkdiyi ürək ağrısını ifadə etmək çətindir. Lakin o, başına gələn əhvalatları yalnız bölüşməklə rahatlıq və şəfa tapa biləcəyini sonradan anladığını söyləyir.
Məqalənin tam mətni ilə ingilis dilində bu link vasitəsi ilə tanış olmaq olar: