Hazırkı hesabat 1992-ci ilin fevralın axırı - martın əvvəllərində Dağlıq Qarabağda Ermənistanın silahlı birləşmələri tərəfindən Xocalı yaşayış məntəqəsinə hücum və onun işğalı ilə bağlı hadisələri əks etdirir – bu hadisələrin Azərbaycanda və Dağlıq Qarabağda vəziyyətin hərbi, siyasi və mənəvi aspektlərinə böyük təsiri olmuşdur[2].
Hesabatda “Memorial” birliyinin münaqişə zonasında olan müşahidəçiləri tərəfindən 1991-1992-ci illərdə toplanmış materiallar, kütləvi informasiya vasitələrinin hesabatları, münaqişə tərəflərinin rəsmi nümayəndələri tərəfindən “Memorial”ın sərəncamına təqdim edilmiş materiallar, həmçinin ayrı-ayrı şahidlərin ifadələrindən istifadə olunmuşdur.
“Memorial” birliyinin müşahidəçiləri 1992-ci ilin 7 mart tarixindən 5 aprel tarixinə kimi Dağlıq Qarabağda olaraq cəbhə xəttinin hər iki tərəfindən məlumatlar toplamışdır: onlar Xocalı qurbanları ilə müsahibələr lentə almışlar, Bakı, Stepanakert, Ağdamda rəsmilər ilə söhbət etmişlər, Azərbaycan Respublikasının Prokurorluğu və Daxili İşlər Nazirliyindən məlumat almışlar, Bakı və Stepanakertdə hospitallarda, həmçinin Ağdamda hərbi tibbi qatarda həkimlərdən müsahibələr almışlar (bəzi yaralı və digər zərərçəkənlərin xəstəlik kağızlarından rəsmi təsdiq edilmiş çıxarışlar mövcuddur), girov və əsirlərlə (həm Azərbaycan, həm də Ermənistan tərəfdən), silahlı birləşmələrin üzvləri, o cümlədən Xocalıya hücumda iştirak edən şəxslərlə söhbət aparmışlar, Xocalı, Ağdam və Əsgəran rayonlarının yaxınlığında birbaşa vizual baxışlar keçirmişlər.
XOCALIYA HÜCUMDAN ƏVVƏLKİ HADİSƏLƏR
Xocalı 1991-ci ilin payızından erməni silahlı birləşmələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi blokadada olan şəhəri tərk etmişdi, ancaq Xocalı icra hakimiyyətinin başçısının təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı.
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı birləşmələrinin hücumu başlandı.
XOCALIYA HÜCUM
Hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2-4 min əhali yaşayırdı. Xocalını könüllü müdafiə qüvvələri, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlıları və Azərbaycan milli ordusunun əsgərləri qoruyurdu. Hər iki tərəfdən alınan məlumata görə şəhərdə üç ədəd zirehli texnika, həmçinin “Alazan” raket qurğusu yerləşirdi. Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağ “rəsmiləri” Xocalıda həmçinin iki ədəd “Qrad” tipli reaktiv atəş sisteminin olduğunu söyləyirlər.
Hücumun iştirakçıları: “Artsaxın Milli Azadlıq Ordusu (AMAO)” “Dağlıq Qarabağ Respublikası”nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarətdir. Rəsmilər dəfələrlə “Memorial” nümayəndələrinə Dağlıq Qarabağdakı bütün erməni silahlı dəstələrinin vahid komandanlıq altında olduqlarını bildirdilər. Dəstələrin nizamnamələri və vahid andiçməsi yoxdur. Bir çox əmrlər silahlılara komandirlər tərəfindən ötürülür. Bununla belə, “Memorial” müşahidəçilərinin təəssüratına görə hətta çox vaxt komandirlərin yazılı əmrləri olmur və siravilər sırasında onları heç kəs oxumayıb. Silahlı birləşmələrin düşmən tərəfin mülki əhalisi ilə davranışını tənzimləyən yeganə sənəd “Artsaxın Milli Azadlıq Ordusunun” 1 saylı əmridir. Burada düşmən tərəfin mülki əhalisinə qarşı hər hansı bir zorakılıq və ya düşmən cəsədlərinin təhqir edilməsi qəti qadağan olunur, lakin Dağlıq Qarabağdakı “Memorial” müşahidəçilərinə bu əmrin çap olunmuş mətnini hətta görmək mümkün olmayıb. Döyüşçülər 1 saylı əmrin məzmununu onların komandirlərinin dediklərindən bilirlər.
“AMAO” komandanlığı siravi döyüşçü və zabitlərin bütün şəxsi silahlarını qeydə almaq tapşırığını vermiş və rəsmilərin verdiyi məlumata görə bu tapşırıq əsasən yerinə yetirilmişdir.
Hücumda zirehli texnikanın, zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə “AMAO” hissələri iştirak edirdi.
“Memorial” müşahidəçiləri Xocalıya hücum etməyə şəxsən kimin əmr verdiyi və ya əməliyyata görə kimin məsuliyyət daşıdığı barədə məlumat ala bilməmişdir, lakin “DQR” rəhbərliyinin onun Dağlıq Qarabağda vəziyyətə tam nəzarət etməsi ilə bağlı bəyanatını əsas götürərək Xocalını zəbt etmək əməliyyatının həm planlaşdırmasına, həm də icrasına görə məsuliyyətin də onun daşıdığı nəticəsinə gəlmək olar.
Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı: Bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı alayının hərbçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər.
Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayının döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir, onlar şəhərə atəş açmış, lakin ora daxil olmamışdır. Erməni tərəfi hərbiçilərin döyüş əməliyyatlarında iştirakı üçün alayın komandanılığının yazılı əmrinin olmadığını bildirir.
Hücumun gedişatı: Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00-04:00 arası girmişdir.
Ermənistan silahlı birləşmələrin üzvlərinin məlumatına görə Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə tam olaraq qırıldı. Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir, onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntı və zədələnməyə bənzəmirdilər.
Sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edildi.
Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək Xocalını tərk etməyə başladılar. Şəhəri tərk edən bəzi qrupların tərkibində şəhər qarnizonundan olan silahlı şəxslər var idi.
Əhali [şəhəri] iki istiqamətdə tərk etdi:
Şəhərin şərq hissəsindən çay yatağı boyunca şimal-şərq istiqamətinə, Əsgəranı sol tərəfdə saxlamaqla (Ermənistan rəsmiləri məhz bu yolun “azad dəhliz” kimi saxlanıldığını bildirir);
Əsgəranı sağ tərəfdə saxlamaqla şəhərin şimal hissəsindən şimal-şərq istiqamətinə (görünür bu yolla qaçqınların az bir hissəsi keçmişdir).
Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200-300 nəfər öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı.
Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi (26 fevral tarixində Xocalı rayonunda olan “Qolfstrim” assosiasiyasının tele-müxbiri I.Burqanskinin məlumatında əhalinin əksəriyyəti müdafiə qarnizonunun bölmələrinin minomyot atəşindən öldüyü göstərilir, lakin Burqanskinin hücuma dair təsvir etdiyi əksər təfərrüatlar bütün mənbələrdən alınan digər məlumatlara uyğun gəlmədiyindən onun bu məlumatları şübhə doğurur.)
Erməni tərəfinin məlumatına görə hücum edənlər 10-12 nəfər ölüm itkisi vermişdir.
ƏHALİNİN ÇIXMASI ÜÇÜN “AZAD DƏHLİZ”
“DQR” rəsmilərinin məlumatına görə mülki əhalinin Xocalıdan çıxması üçün şəhərin şərq hissəsindən başlayan, çay yatağı ilə davam edən və şimal-şərq tərəfə, Ağdama doğru istiqamətlənən və Əsgəranı sol tərəfdən keçən “azad dəhliz” saxlanılmışdı. Bu “dəhliz” 100-200, bəzi yerlərdə isə 300 metrə çatan enliyə malik idi. Ermənistan silahlı birləşmələrinin üzvləri mülki əhaliyə və həmin “dəhlizin” hüdudlarında yerləşən silahsız hərbi birləşmələrin üzvlərinə atəş açmayacağına söz vermişdi.
“DQR” rəsmilərinin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri bu cür “dəhliz”in mövcudluğu barədə məlumatlandırılmışdır. Lakin bu məlumatı verən şəxslər Xocalının əksər sakinlərinin atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən “azad dəhliz” barədə xəbəri eşitməyə bildiyini istisna etmədilər.
“DQR” rəsmiləri həmçinin bildirdilər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlər ilə əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır. Lakin, bunun sübutu üçün “Memorial” müşahidəçilərinə bu cür vərəqənin bircə dənə də olsa nümunəsi təqdim edilə bilmədi. “Memorial” müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişdir. Dindirilən Xocalı qaçqınları bu cür vərəqələr barədə heç nə eşitmədiyini söylədilər.
Ağdam və Bakıda “Memorial” müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, “azad dəhliz” barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun “hərbiçi”si onu xəbər etmişdir). “Memorial” müşahidəçilərinin Stepanakertdə təcridxana mərkəzində deputat P.Ayrikyanın iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri “azad dəhliz” barədə heç nə eşitməmişdir.
Hücumdan bir neçə gün öncə Ermənistan tərəfinin nümayəndələri radio əlaqədən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan dərhal əhalini tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdir. Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü Bakı qəzetinin (“Bakınskiy raboçiy”) buraxılışında təsdiq olunmuşdur.
“Dəhliz”in möcvudluğu barədə “Russkaya mısl” qəzetinin 03.04.1992-ci il tarixli nəşrində göstərilir və bu barədə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir: “Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildirdik...”
ŞƏHƏRDƏ QALMIŞ ƏHALİNİN MÜQƏDDƏRATI
Şəhərdən çıxan əhalinin taleyi: Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər - əksəriyyət yüngül geyimdə qaçdılar (nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər), Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi.
Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək (birinci yol – “Xocalıya hücum” bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında “azad dəhliz”lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.
Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyidləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi.
Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər (“azad dəhliz”ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar.
Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır. Ağdamda 181 meyidin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. “DQR” rəsmiləri “Memorial” müşahidəçilərinə “120-130 cəsədin onların razılığı ilə Ağdama” gətirildiyini bildirmişdir. Doxsan altı meyit Ağdamda dəfn olundu. Digərlərinin meyidləri qohumlarına çatdırıldı.
“DQR” rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri “azad dəhliz”də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah etmişdir. Ermənistan silahlı dəstələrinin sözlərinə görə Azərbaycan bölmələri Ağdamdan “azad dəhliz” istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları hücumu dəf edərkən, Xocalıdan birinci qrup qaçqınlar yaxınlaşdı. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açdılar. Döyüş zamanı bir post dağıdıldı (iki nəfər öldürüldü və 10 nəfər yaralandı). Lakin azərbaycanlıların bilmədiyi digər post Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar.
Xocalı qaçqınları verdiyi ifadələrində (o cümlədən mətbuatda çap olunmuş) qaçqınlar axınında olan silahlı şəxslərin erməni postları ilə atışma apardıqlarını, lakin hər dəfə atışmanı başlayan tərəfin erməni olduğunu söylədilər.
Həmçinin 2-ci yol (“Xocalıya hücum” bölməsinə baxın) ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı.
Ağdam şəhərindəki tibb vaqonunun demək olar ki, Xocalının bütün qurban və müdafiəçilərinin əks olunduğu jurnalında beş yüz doxsan səkkiz yaralı və donvurma qurbanları (sonuncu qrup üstünlük təşkil edirdi) qeydə alınmışdı. Canlı vəziyyətdə baş dərisinin soyulması halı da burada əks olunmuşdur.
Xocalıda ölən şəxslərin ümumi sayını qiymətləndirərkən insanların yalnız qaçqınların güllələnməsi nəticəsində deyil (bu cür öldürülən insanların cəsədlərinin bir hissəsi Ağdama gətirilmişdir), həmçinin dağlarda hərəkət zamanı donvurma səbəbindən ölməsi faktı da nəzərə alınmalıdır. “Memorial” müşahidəçiləri üç uşağını bu yolla itirmiş bir qadınla söhbət etmişdir. Xocalının donvurma nəticəsində ölmüş sakinlərinin dəqiq sayını müəyyən etmək mümkün olmamışdır. “Qarabağ” qəzetinin 26.03.1992-ci il tarixli buraxılışında verilən məlumata görə Xocalı qaçqınlarına yardım komissiyası 476 şəhid ailəsinə yardım etmişdir.
Şəhərdə qalan sakinlərin taleyi: Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məhsəti türkü qalmışdı.
Sakinlərin, hücumun iştirakçılarının, “DQR” rəsmilərinin və həmin ərəfədə Xocalı rayonunda olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin ifadələrinə görə qalan sakinlərin hamısı əsir götürüldü və üç gün ərzində Stepanakertə (təcridxana mərkəzi və nəqliyyat dəstəsinin binasına), Krasniy kəndində saxlama yerinə və Əsgəran rayonunda təcridxanaya aparıldı. “DQR” rəhbərliyinin razılığı ilə onların bəziləri Azərbaycan ərazisində qohumları həbsdə olan erməni ailələrinin xüsusi evlərinə aparıldı.
“DQR” rəsmilərinin məlumatına görə bir həftə ərzində bütün qadın və uşaqlar heç nə alınmadan Azərbaycan tərəfinə təhvil verildi.
Hər iki tərəfdən alınan məlumata görə Xocalının həm şəhərin ələ keçirilməsi zamanı, həm də Ağdama gedərkən tutulan 700 nəfərdən çox əsir götürülmüş sakini 28.03.1992-ci il tarixinə kimi Azərbaycan tərəfinə təhvil verilmişdi. Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edirdi.
Eyni zamanda, bir çox Xocalı sakinlərinin ifadələrinə görə qadın və uşaqlar, həmçinin kişilər “dəyişdirmə vasitəsi” kimi saxlanılırdı. Bu ifadələr “Memorial” nümayəndələrinin şəxsi müşahidələri ilə təsdiqlənmişdi: 13 mart tarixinə Əsgəran şəhərində qadın və gənc qızlar da daxil olmaqla Xocalı sakinləri hələ də girov kimi saxlanılırdı. Bu tarixdən sonra da qadınların zor gücü ilə Əsgəranda saxlanıldığına dair etibarlı sübutlar mövcuddur.
ƏSİR DÜŞMÜŞ ƏHALİ VƏ XOCALI MÜDAFIƏÇİLƏRİNİN SAXLANILMA ŞƏRAİTİ
“Memorial” müşahidəçilərinin Stepanakert rayonunda yerləşən əsir götürülmüş Xocalı sakinlərinin və Azərbaycan silahlı birləşmələrinin əsir götürülmüş üzvlərinin (onların hamısı münaqişə zonasında “girov” kimi müəyyən olunur) saxlanıldığı təcridxana mərkəzində keçirdiyi baxış zamanı onların saxlanma şəraitinin hədsiz dərəcədə qeyri-qənaətbəxş olduğu müəyyən olundu. Təcridxana mərkəzində saxlanılan azərbaycanlıların xarici görkəmi onların zəif qidalandırıldığını göstərirdi və onlarda taqətdən düşmənin aydın əlamətləri görünürdü. Şifahi şəkildə alınan məlumatlara görə əsirlər müntəzəm surətdə döyülürdülər. Həmçinin o da qeyd edilməlidir ki, müşahidəçilərə yalnız bəzi girovlara baxmağa imkan verilmişdi.
Təcridxananın rəisi mayor Xaçaturyan əsirlikdə olan şəxslərlə hətta bir neçə dəqiqəlik təkbətək söhbət aparmağı qadağan etdi. Yalnız təsadüf nəticəsində bir dəfə belə bir söhbət aparmaq mümkün oldu.
Əsir götürülən və sonralar dəyişdirilən Xocalı sakinləri və şəhər müdafiəçilərinin ifadələrinə görə onlar döyülmə hallarına məruz qalırdılar. İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi. Lakin Bakı və Ağdamda həkimlərin də təsdiqlədiyi kimi azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur.
XOCALI SAKİNLƏRİNİN ƏMLAKI
Şəhərdən çıxan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlərə heç olmasa əşyalarının bir hissəsini götürməyə imkan verilmədi.
“Memorial” müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı.
“DQR” ali sovetinin qərarına əsasən ehtiyacı olan ermənilər Xocalıdakı evlərə köçürülür və bunun üçün onlara nömrələr verilir.
DİNC ƏHALİYƏ QARŞI ZORAKILIQ HALINA “DQR” RƏSMİ QURUMLARININ REAKSİYASI
“DQR” ali soveti Xocalıya hücum zamanı qəddarlıq hallarına görə təəssüfləndiyini bildirən bəyanat verdi. Lakin Xocalının işğalı ilə bağlı cinayətlərin təhqiqatının aparılması ilə bağlı heç bir səy göstərilməmişdir.
Rəsmilər “Memorial” müşahidəçiləri ilə söhbətləri zamanı Ermənistanın silahlı dəstələrinin tərkibində qohumları azərbaycanlılar tərəfindən öldürülən aclıqlı şəxslər, həmçinin cinayətkar keçmişə malik şəxslər olduğundan Xocalının işğalı zamanı vəhşiliklərə yol verildiyini inkar etməmişdir.
ALINMIŞ MƏLUMATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir.
Xocalıdan əhalinin çıxması üçün “azad dəhliz”in təmin edildiyinin bəyan olunmasını ya şəhəri onun sakinlərindən “təmizləmək” məqsədilə “DQR” rəsmilərinin qəsdən edilmiş əməlləri, ya da ermənilərin onların nəzarətində olan ərazidə bu ərazində olan millətdən asılı olmayaraq insan hüquqlarını təmin etmək iqtidarında olmaması ilə qiymətləndirmək olar.
“Azad dəhliz” barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.
Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Stepanakertdə saxlanıldı ki, bu da bu barədə “DQR” hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir.
“Azad dəhliz” zonasında və ətraf ərazilərdə yerləşən dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz.
Xocalıda dinc əhalinin, o cümlədən qadınların “girov” kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. “Girov”ların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.
Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Stepanakertdə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. “Memorial” hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır.
“Memorial” hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Dağlıq Qarabağdakı Ermənistan silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci il tarixdə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2 – “Hər bir şəxs ...dilindən, ...dinindən, ...milli ...mənsubiyyətindən ...və ya digər vəziyyətindən asılı olmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır”;
Maddə 3 – “Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır”;
Maddə 5 – Qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarı qadağan edir;
Maddə 9 – Özbaşına həbsləri, saxlamaları və ya qovulmaları qadağan edir;
Maddə 17 – Hər kəsin əmlaka sahib olmaq hüququnu təsbit edir və insanın əmlakdan özbaşına məhrum edilməsini qadağan edir.
Silahlı dəstlərin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir. Bu bəyannamədə deyilir:
“Mülki əhaliyə daxil olan və sülh, öz-müqəddəratını təyin etmə, milli azadlıq və müstəqillik mübarizəsi apararkən fövqəladə vəziyyət və silahlı münaqişə hallarına cəlb olunan və ya işğal altında olan ərazilərdə yaşayan qadın və uşaqlar Ümumdünya İnsan Haqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt və ya beynəlxalq hüququn digər aktlarının müddəalarına uyğun olaraq sığınacaq, ərzaq, tibbi yardım və ya digər ayrılmaz hüquqlardan məhrum edilə bilməz.”
[1] Qeyri-rəsmi tərcümə, hesabatın rus dilində əsli “Memorial” İnsan Hüquqları Mərkəzi (www.memo.ru) vasitəsilə əldə oluna bilər.
[2] Qeyd: Ermənistan tərəfindən yeddi ətraf rayon ilə birlikdə işğal olunmuş Dağlıq Qarabağ regionu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin tərkib hissəsidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq bu ərazilərdə