Moskvada yerləşən insan haqları üzrə Memorial qrupunun 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə hərbi birliklər tərəfindən Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatı.
Xocalının işğalı zamanı törədilən kütləvi insan hüquq pozuntuları barədə Memorialın hesabatında insanların şəhəri tərk etməyə məcbur edilməsindən danışılır: “Qaçqınlar ermənilərin qurduğu tələyə düşüb və dərhal atəşə tutulub. Buna baxmayaraq bəziləri Ağdama çatmağa müvəffəq olmuş, bəziləri əsasən qadınlar və uşaqlar (dəqiq sayını demək qeyri-mümkündür) dağlarda azdıqları üçün soyuqdan donaraq həlak olmuşlar, Ağdama çatanlardan alınan məlumata görə isə bəziləri də Pircamal və Naxçivanik kəndləri yaxınlığında əsir götürülmüşlər. Dəyişdirilən Xocalı sakinlərinin ifadəsinə əsasən əsirlərdən bəziləri öldürülüb. Dörd gün ərzində təxminən 200 cəsəd Ağdama gətirilib. Cəsədlərdə edilən hörmətsizliyin izləri vardı. Ağdam xəstəxana qatarındakı həkimlərin dediyinə görə ən azı dörd cəsədin dərisi soyulmuş və bir nəfərin başı kəsilmişdi. Ağdamda 181 cəsəd üzərində aparılan araşdırmaya əsasən 151 insan güllə yarasından, 20 nəfər şrapnel yaralarından, 10 nəfər küt alətlə edilmiş xəsarət səbəbindən ölmüşdür. Demək olar ki, bütün yaralı sakinlərin və Xocalının müdafiəçilərinin müalicə aldığı Ağdam xəstəxana qatarında alınmış qeydlərə əsasən 598 insan yaralanmış və ya donmuş (donma halları daha çox üstünlük təşkil edir) bəzi hallarda diri-diri dərisi soyulmuşdur.”