Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
Zənurə Səlimova

Mən yuxulu idim, həyat yoldaşım özünü-müdafiə missiyasından geri dönmüşdü. Yoldaşımın öz qardaşı ilə analarının başqa yerə aparılması barədə danışdığını eşitdim. Biz onu sadə ədyalla apardıq. Hava elə işıqlı idi ki, gecə yarısı olduğuna inanmaq çətin idi. Biz beş mərtəbəli evin zirzəmisinə sığındıq. 20 dəqiqədən sonra bizə meşəyə getmək lazım olduğunu bildirdilər. Qar yağırdı. Qayınanam ağır xəstə idi və onu aparmaq çətin idi. Onu həyat yoldaşım aparmalı idi.

Biz çayı keçməli idik. Ayaqqabılarla çayı keçmək çətin idi, ona görə biz ayaqyalın hərəkət etdik. Ümid edirdik ki, gecəni meşədə keçirib, səhər qayıda bilərdik. Xocalını əbədi olaraq tərk edəcəyimizi təsəvvür edə bilməzdik.

Əlif Hacıyev qarlı qayalarla hərəkət edərkən bizim bələdçimiz idi. O, bizim altı və ya yeddi nəfərdən ibarət qrupu və çiynində ağlayan uşaq olan bir qadını istiqamətləndirirdi. Mən uşağı sakitləşdirməyə çalışdım. Anası onun ac olduğunu və bezlərinin dəyişdirilməli olduğunu söylədi. Qorxurdum ki, bu ermənilərin diqqətini cəlb etsin. Ağacların bizi atəşdən qoruyacaq yarpaqları yox idi. Yola çıxdıq və bir maşın gördük; Əlif bizə aşağı əyilməyimizi söylədi. Arxada qalanlar onu eşitmədi və öldürüldülər. Mən hamilə idim və öndəki qrupun tərkibində hərəkət edirdim. Buna görə mən sağ qaldım…

Yolu keçdik və dəhşətli mənzərəni görmək üçün geriyə çevrildik. Bunun nəyə bənzədiyini təsəvvür edə bilməzsiniz; sanki qarın üzərində qırmızı örtük var idi. Heç kəs kömək edə bilmirdi, vahimə içində idim. Bütün gecəni hərəkət etdik. Cəsədlərin üzərindən keçərək oradan çıxa biləcəyimizi təsəvvür edə bilməzdim. Şelli kəndinə çatdıqda çox sevindim, biz oraya ən birinci çatanlar sırasında idik. Orada təcili tibbi yardım maşınları hazır idilər və onlar yaralıları müxtəlif hospitallara aparırdılar. Sağ qalanların sayı çox deyildi; onlar sahədə taxıl biçən kimi bizi öldürdülər.

Qayınanam və dayım əsir götürüldü. Hüseyn Əzizov beş gün saxlanıldı. Sonra onun cəsədi təhvil verildi; onun dişləri çıxarılmışdı və başı ayrılmışdı. Cəsədə pambıq doldurulmuşdu. Cəsədlər 25 gün meşədə qaldı.

Əlif Hacıyev[1] bizi Şelliyə çatdırdıqdan sonra digərlərinə kömək etmək üçün geriyə qayıtdı. O geriyə dönmədi; başından vuruldu.                       

Birinci uşağım yalnız üç ay yaşadı…sarsıntı…Ürəklərimiz yaralıdır, yaşadığımız qədər bu hadisələri unutmayacağıq.

 

Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014

 

Qeyd: Əlif Hacıyev Xocalı yaxınlığında hava limanının təhlükəsizlik xidmətinin rəhbəri idi. Rayonu tərk edənlərin mühafizəsi zamanı göstərdiyi şücaətə görə Milli Qəhrəman adını alıb. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.