Beynəlxalq ədalət şəhəri hesab olunan Haaqada Xocalı faciəsinin 30 illiyinə həsr edilmiş və Xocalı qurbanlarına ədalət tələb olunan dinc aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, dinc aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınları İctimai Birliyi, Benelüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə keçirilib.
Haaqada Niderland parlamentinin (Tweede Kamer) qarşısında Xocalı soyqırımının 30 illiyini əks etdirən 30 ağ stul və onların üzərində “Xocalıya ədalət!” lozunqlu tablolar qoyulub. Ağ rəng Niderlandda matəm və etiraz rəngidir. Bununla Niderlandda yaşayan soydaşlarımız Xocalı soyqırımına lazımi hüquqi və siyasi qiymətin verilməməsinə etirazlarını ifadə ediblər. “Xocalı-Ağ stul 30” dinc aksiyasının iştirakçıları Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət kimi tanınmasını tələb ediblər.
Soydaşlarımız parlament qarşısında 3 saatdan çox davam edən dinc aksiyadan sonra Ermənistan səfirliyi qarşısına gedərək, aksiyanı davam etdiriblər. Xocalı qatillərinin cəzasız qalmasına etirazlarını bildiriblər.
“Xocalı-Ağ stul 30” aksiyasında Niderlandda fəaliyyət göstərən assosiasiyaların, eləcə də diaspora üzvlərimiz iştirak ediblər.
Niderland Krallığında yaşayan icma üzvlərimiz hər il olduğu kimi “Xocalıya ədalət!” tələbi ilə petisiya hazırlayıb imzalayaraq, Niderland parlamentinə və əlaqədar qurumlara göndəriblər.
Niderlandda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlanmış anım tədbirləri qarşıdan gələn günlərdə də davam edəcəkdir.